“Türk tarixinin miraslarını yaşadırıq”
“Türk millətinin təhsilə, inanca, sosial yardımlaşmaya verdiyi önəmin nümunələrini Kastamonu şəhərinin timsalında görə bilərik”
Məlum olduğu kimi, bu il Türkiyənin Kastamonu şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Artıq “paytaxt”ın rəsmi açılış mərasimi keçirilib və tədbirlərə start verilib. Bu vəsilə ilə şəhərə maraq, ziyarətçilərin də sayı artmaqdadır. Bəs turistlərin, qonaqların üz tutduqları məkanlar hansılardır? Şəhərdə vəqf abidələri, məscid, karvansara, pirlər və s. çoxluq təşkil etdiyinə görə, bu mövzu ilə bağlı daha geniş məlumat almaq üçün Kastamonu Vəqflər bölgə müdirliyinin (regional idarə) rəhbəri Yavuz Yücebiyik ilə həmsöhbət olduq. Müsahibim əvvəlcə qurum haqqında qısa məlumat verdi.
- Bölgə müdirliyimiz 1998-ci ildə qurulub. Kastamonu ilə birlikdə Zonquldaq, Karabük və Bartın şəhərlərinə də cavabdehlik daşıyırıq. Bu dörd bölgədə vəqf abidələrinin restavrasiyası və təmiri, vəqf mülklərinin təsnifi və kirayələnməsi, xeyriyyə işləri və s. istiqamətdə fəaliyyət göstəririk.
- Şəhərdə xeyli sayda vəqf abidələri, tarixi tikililərlə tanış olduq. Bu abidələrin tarixi, meydana çıxması ilə bağlı nə deyə bilərsiniz?
- Kastamonu XIII əsrdə Hüsaməddin Çoban bəy tərəfindən fəth edildiyi gündən bəri heç vaxt işğal edilməmiş, amma Birinci Dünya müharibəsi və Qurtuluş savaşı - Milli mücadilə dönəmində ən çox şəhid verən şəhərlərdən biridir. Türk-İslam mədəniyyəti ilə tanış olduğu gündən bu yana bu şəhərə ən çox töhfəni vəqf müəssisləri verib. Günümüzdə Çobanoğulları bəyliyi, Candaroğulları bəyliyi və Osmanlı dövlətindən yadigar qalan yüzlərcə vəqf abidələrinin olması da bunun ən gözəl isbatıdır. Bir tərəfdən, şəhərin inkişafı üçün tədbirlər həyata keçirilmiş, digər tərəfdən, dini, sosial və təhsil sərmayələri də unudulmamışdı. Şəhərin abadlığı istiqamətində az qala bütün sahələrdə vəqf müəssisəsinin rolunu görmək olur. Kastamonuda məscid, karvansara, hamam, mədrəsə, körpü, çeşmə kimi vəqf abidələri bütün bəyliklər dövründə mövcud olub. Şəhər sosial həyatın bütün sahələrini əhatə edən vəqf əsərlərinə sahibdir. İstər vəqf sənədlərinə, istərsə də əcdadlardan qalan yadigar tikili və abidələrə baxdığımızda Kastamonunun "vəqf şəhəri" kimi xarakterizə olunmasının təbii olduğunu görürük.
- Kastamonu bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Bu mənada vəqf abidələri “mədəniyyət paytaxtı”na hansı töhfələri verə bilir?
- Kastamonu Türkiyəmizin sayılıb-seçilən şəhərlərindən biri olmaqla bərabər, açıq hava altında muzeyi xatırladan, hər guşəsində tarixlə iç-içə yaşadığımız şəhərlər sırasındadır. Kastamonu həm də köklü Türk tarixinin də önəmli miraslarından biridir. Türk millətinin təhsilə, inanca, sosial yardımlaşmaya verdiyi önəmin nümunələrini də bu şəhərin timsalında görə bilərik. Türk tarixinin önəmli adlarının (Hüsaməddin Çoban bəy, Candaroğlu İsmayıl bəy, Devlet xatın, Halimi Çelebi və s.) da vəqf abidələri və vəqfiyyələri ilə Türk tarixinə verdikləri töhfənin ünvanı Kastamonu olub.
Burada yüzlərcə
tarixi abidə var. Əcdadlarımızdan yadigar
qalan Nəsrullah, İsmayıl bəy, Yaqub ağa, İlanlı, Benli Sultan, Seyid Sərçə və Şeyx Şaban Vəli komplekslərinin bizim dövrümüzə gəlib
çıxması vəqf
mədəniyyətinə şəhərimizin
verdiyi dəyəri ortaya qoyur. Bütün bu
abidələr bizim üçün eyni önəmə sahibdir.
- Hər halda, Kastamonuda turistlərin ən çox ziyarət etdikləri abidələr
var? Yəni onlar bu mənada necə seçim edirlər?
- Ən
çox ziyarət edilən məkan Şeyx Şaban Vəli kompleksidir. Bu həm də,
dediyim kimi, qurumumuzun ən önəmli vəqf əsərlərindən biridir.
Kompleksin
içində olan,
2007-ci ilin iyun ayında açdığımız
Vəqf Əsərləri
Muzeyini ildə orta hesabla 150 min insan ziyarət edir. Onu da qeyd edim ki, bu,
Vəqflər Baş Müdirliyi muzeyləri arasında ən çox ziyarət edilən ikinci muzeydir. Bundan başqa, Mahmud bəy
camisi, Nəsrullah məscidi, Yaqub ağa və İsmayıl bəy kompleksləri də çox sayda ziyarətçinin üz tutduğu abidələrdəndir.
- Bu abidələrdə
təmir-bərpa işləri
necə aparılır?
- Əcdadlarımızdan
qalan vəqf əsərlərimizi planlı
şəkildə bərpa
edirik. Öncə tarixi və
sənət dəyəri
olan, mövcud durumu göz önündə olan əsərlərimizin restavrasiya
layihələrini hazırlayırıq.
Sonra da müvafiq plan üzrə bərpa işlərini aparır, bu abidələri həyata qaytarırıq.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2018.- 11 parel.- S.11.