Qürbətdə keçən
sənətkar ömrü
100 yaşını qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, o dövrdə ölkə həyatının bütün sahələrində, o cümlədən maarifçiliyin inkişafı istiqamətində mühüm addımlar atılmışdı. Bu sahədə həyata keçirilən əhəmiyyətli işlərdən biri də 100 azərbaycanlı gəncin hökumətin vəsaiti hesabına ali təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə oxumağa göndərilməsi idi.
Lakin təəssüflər olsun ki, çətin şərtlər altında cəmi 23 ay fəaliyyət göstərən Xalq Cümhuriyyəti 1920-ci ildə bolşevik Rusiyası tərəfindən süquta uğradıldıqdan sonra əksəriyyəti Vətənə dönə bilməyən həmin gənclərin də taleyi ürəkaçan olmadı. Qürbətdə keşməkeşli həyat yaşayan belə soydaşlarımızdan biri Zeynal bəy Əlizadədir.
Zeynalabdin bəy Hacı Ağabəy oğlu Əliyev 24 aprel 1894-cü ildə Bakıda dünyaya göz açıb. Gənc ikən yaradıcılığa maraq göstərir, ağac üzərində oyma ilə məşğul olur, gildən fiqurlar hazırlayır, rəsmlər çəkirdi. Zeynal rəssam olmaq istəsə də, 1915-ci ildə “Realnı” məktəbi bitirdikdən sonra atasının təkidi ilə Moskva Kommersiya İnstitutuna qəbul olunur.
1918-ci ilin
payızında Bakıya
qayıdır. Yeni qurulan Azərbaycan
Xalq Cümhuriyyətinin
Poçt və Teleqraf Nazirliyində xüsusi tapşırıqlar
üzrə baş məmur vəzifəsinə
təyin olunur. Bununla belə, o, rəssamlıq
sənətinə olan
marağından əl
çəkmir, poçt
markalarının bədii
tərtibat işlərini
yerinə yetirir.
1919-cu ilin iyununda
Poçt və Teleqraf Nazirliyinin poçt markaları layihəsinin icrası Zeynal bəy Əlizadəyə həvalə
edilir.
O, təhsilini davam etdirmək üçün Maarif Nazirliyinə müraciət
edir. Müsabiqədən
sonra Cümhuriyyət
Parlamentinin 1 sentyabr
1919-cu il tarixli qərarına əsasən, dövlət
hesabına ali təhsil almaq üçün Roma Kral Rəssamlıq Akademiyasına
göndərilir. Ancaq
Azərbaycanda siyasi rejim dəyişəndən
sonra xarici ölkələrdə təhsil
alan tələbələrə
verilən təqaüd
kəsilir. Z.Əlizadə də əksər
tələbələr kimi
maddi sıxıntı
keçirir. Həmin ağır
günlərdə Parisdə
yaşayan Ceyhun bəy Hacıbəyli onun köməyinə çatır. 1922-ci ildə C.Hacıbəyliyə
göndərdiyi bir məktubda təhsil alması haqqında məlumat verir və maddi yardıma
görə minnətdarlığını
bildirir. O, məktubda
həmçinin öz
sərgilərindən də
söhbət açır.
Ceyhun bəy də təhsilini başa vurması, fərdi sərgisini açması
üçün ondan
köməyini əsirgəmir.
Z.Əlizadə Roma Kral Rəssamlıq
Akademiyasını 1923-cü ildə “heykəltəraşlıq
professoru” diplomu ilə bitirir. Azərbaycana
qayıtmaq istəsə
də, bu addımı atmağa cəsarət etmir. İtaliyada güzəranını təsadüfi
işlərlə, əsərlərini
satmaqla təmin edir. Dünyanın ən görkəmli
sənətkarlarının olduğu İtaliyada sifarişlərə ümid
bağlamaq çox da nəticə verə bilməzdi. Lakin o, qarşılaşdığı çətinlikləri aradan
qaldıra bilir. İtaliyada istedadlı heykəltəraş
kimi tanınır, sifarişlər almağa başlayır. Hətta yaratdığı
əsərlərdən ibarət
böyük fərdi sərgi də təşkil edir.
Araşdırmalarda bildirilir ki,
İtaliyanın Peruca
şəhərində böyük
alman bəstəkarı
Lüdviq van Bethovenin və rusiyalı mühacir, La Skala Teatrının məşhur
opera müğənnisi Sigizmund
Zaleskinin büstləri
Zeynal Əlizadə yaradıcılığının məhsuludur.
O, 1925-ci ildə
anası Məryəmnisə
xanımın xəstə
olduğu barədə
xəbər alır. Bakıya gəlmək istəyir.
Ancaq vətəndən gələn
bir-birindən acı xəbərlər onu bu fikirdən daşınmağa və qürbətdə qalmağa
məcbur edir. Gənc rəssam 27 avqust 1927-ci ildə C.Hacıbəyliyə ünvanladığı
məktubda yazırdı
ki, akademiyanı bitirib, amma iş
tapa bilmir. Maddi çətinlik çəkdiyi
üçün Braziliyaya
köçmək istəyir.
Məktubda o, həmçinin Bakıdan gəlmiş bacısı Saranı və Berlində tələbə olan İbad Əliyevi də xatırlayır.
Tədqiqatçı Nəriman Əbülrəhmanlı
isə araşdırmasında
yazır ki, Z.Əlizadənin sonrakı
yaradıcılıq fəaliyyəti
ABŞ və Türkiyə
ilə bağlı olub. O, daimi iş tapmaq ümidi ilə Türkiyəyə gedib. Orada Azərbaycanın memarlıq
və incəsənət
inciləri barədə
məqalələr dərc
etdirib. 1934-cü ildə “Azərbaycan yurd bilgisi” dərgisində
Atəşgah məbədi,
Şirvanşahlar sarayı,
Bayıl burnu, Qız qalası, Bibiheybət məscidi ilə bağlı dərc etdirdiyi məqalələrinə “Heykəltəraş
Zeynal A.Saray” imzasını qoyub. 1954-cü ildə həmin dərgidə “Azərbaycanlı Zərdüşt
məbədinin tarixi”
adlı məqaləsi
isə “Zeynal Akkoç” imzası ilə çap olunub.
Peşəkar təhsil almış
ilk azərbaycanlı heykəltəraş
Z.Əlizadənin vəfat
tarixi indiyəcən müəyyən olunmayıb.
Ötən əsrin ikinci
yarısında bu sənətkar haqqında araşdırma aparan Mövsüm Əliyev müəyyən faktlar əldə edib. Bu mövzuda yazdığı
məqalələrlə oxuculara
itkin heykəltəraşımız
barədə qısa məlumat verib. Z.Əlizadənin ötən əsrin
50-ci illərində İtaliyada
vəfat etdiyi güman edilir.
Savalan Fərəcov
Mədəniyyət.- 2018.- 11 parel.- S.15.