Görkəmli kitabxanaşünas, biblioqraf,
dəyərli alim və müəllim
Tanınmış biblioqraf alim, Əməkdar mədəniyyət işçisi, professor Zöhrab Əliyev 85 yaşını qeyd edir. Uzun illər Bakı Dövlət Universitetində dekan, kafedra müdiri, Elmi şuranın üzvü kimi ləyaqətlə çalışmış professor bu gün də hər bir kitabxanaşünas-biblioqrafın dəyərli məsləhətlər aldığı görkəmli alimlərimizdəndir.
Professor Zöhrab Hüseyn oğlu Əliyev 1933-cü ildə Ucar rayonunun Qazyan kəndində dünyaya göz açmışdır. 1954-cü ildə BDU-nun Filologiya fakültəsinin Kitabxanaçılıq şöbəsini bitirmiş, daha sonra Biblioqrafiya kafedrası üzrə aspiranturada oxumuşdur. 1963-cü ildə “Azərbaycanda biblioqrafiya işinin inkişafı (1920-1958-ci illər)” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edərək respublikamızda biblioqrafiyaşünaslığın meydana gəlməsi və inkişafı tarixini elmi əsaslarla tədqiq edən öncül mütəxəssislərdən biri olmuşdur. Elmi tədqiqat prosesində o təkcə Azərbaycan kitabxanalarının fondlarında deyil, Moskva və Sankt-Peterburqun iri kitabxanalarında mühafizə olunan sənədlərlə də yaxından tanış olmuş, bu mənbələrdən səmərəli istifadə etməklə mühüm elmi əsər meydana gətirmişdir. Alim bir müddət M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında və respublikanın Mədəniyyət Nazirliyində çalışmış, 1960-cı ildən BDU-nun Kitabxanaşünaslıq kafedrasında müəllim, 1970-1980-ci illərdə Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, 1984-cü ildən 2007-ci ilə qədər Biblioqrafiyaşünaslıq kafedrasının müdiri işləmişdir.
50 illik elmi-pedaqoji fəaliyyəti ərzində Z.Əliyev Kitabxanaçılıq-informasiya fakültəsində biblioqrafik fənlər üzrə tədris prosesinin yüksək səviyyədə təşkili və həyata keçirilməsinə rəhbərlik etmiş, bir sıra ölkələrdə qabaqcıl təcrübəni öyrənmiş, biblioqrafiyaşünaslıq elmi məktəbinin əsasını qoymuşdur. Alimin “Kitabxanada məlumat-biblioqrafiya aparatının təşkili”, “Tövsiyə biblioqrafik vəsaitlərin tərtibi metodikası”, “Azərbaycan biblioqrafiyasının tarixi”, “Ümumi biblioqrafiyaşünaslıq” və digər kitabları mütəxəssislərin dəfələrlə müraciət etdiyi, sahə üzrə elmi tədqiqatlarda geniş istifadə edilən dəyərli elmi məxəzlərdir.
Professorun elmi rəhbərliyi altında neçə-neçə biblioqraf alimlər yetişmiş, müvəffəqiyyətlə namizədlik dissertasiyaları yazıb müdafiə etmişdir.
Bütün şüurlu həyatını Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin yaradılması, təkmilləşdirilməsi və inkişafına həsr etmiş Zöhrab müəllim öz yetirmələrinin qəlbində istedadlı alim, ziyalı şəxsiyyət kimi şərəfli yer tutmuşdur. Onun tələbələrinə öyrətdikləri neçə-neçə zehinləri işıqlandırır, neçə-neçə sanballı elmi tədqiqat işlərinin ərsəyə gəlməsinə, gənc və bacarıqlı alimlərin yetişməsinə səbəb olur. Əziz müəllimimizi 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, möhkəm cansağlığı və könül xoşluğu arzulayırıq.
Nadir İsmayılov
tarix üzrə fəlsəfə doktoru, dosent
Adilə Abdullayeva
tarix
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2018.- 11 parel.- S.15.