“Kəlağayı - Azərbaycan ipəyinin incisi

 

   Özbək və rus dillərində kitab işıq üzü görüb

  

   Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) zəngin mədəni irsimizin təbliği istiqamətində növbəti layihəsi Azərbaycan kəlağayılarına həsr edilib. Özbək və rus dillərində hazırlanan “Kəlağayı - Azərbaycan ipəyinin incisi” kitabı Daşkənddəki “Mashur-press” nəşriyyatında çapdan çıxıb.

   Kitabın ön sözünün müəllifi Bakı Dövlət Universitetinin professoru, Basqal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyova, tərtibçisi AMM-in direktoru Samir Abbasovdur.

   Kitabda Azərbaycan mədəniyyətinin rəmzlərindən biri olan qədim kəlağayı sənəti, Azərbaycanda ipəkçiliyin tarixi, onun inkişaf mərhələləri, dünyanın tanınmış alimlərinin, səyyahlarının bu barədə fikirləri öz əksini tapıb. Nəşrdə Azərbaycanda ənənəvi qadın baş örtüyü olan kəlağayının hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Azərbaycanın kəlağayı sənətinin 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi və s. barədə məlumatlar verilir.

   Nəşrdə 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilən “Kəlağayı” kitabının materiallarından da istifadə edilib. Kitab geniş ictimaiyyətə təqdim olunacaq, Özbəkistanın aparıcı kitabxanalarına, ali məktəblərinə, tədqiqat mərkəzlərinə, habelə ipəkçilik sahəsi üzrə mütəxəssislərə göndəriləcək.

  

Mədəniyyət.- 2018.- 11 parel.- S.16.