Dörd ölkədən beş rejissor və bir “Uçqun”
Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova bu günlərdə Gürcüstanda rejissor laboratoriyasında iştirak edib. O, maraqlı yaradıcılıq görüşü barədə öz fikirlərini bizimlə bölüşüb:
- Tbilisidəki S.Axmeteli adına Tbilisi Dram Teatrının bədii rəhbəri İrakli Qogiya Gürcüstanın dağlıq ərazisində, Acarıstanda Xulo bələdiyyəsinin mərkəzi olan şəhərcikdə beynəlxalq rejissor laboratoriyası təşkil etmişdi. Mən laboratoriyaya hazırlaşanda tanınmış türk dramaturqu Tuncər Cücənoğlunun “Uçqun” pyesini seçib iştirakçılara təklif etmişdim. Düşünmüşdüm ki, uca dağların arasında yerləşən, pyesdəki əhvalatın baş verdiyi coğrafi məkana oxşar bölgədə belə bir əsər üzərində çalışmaq daha maraqlı olar. Xulo Dram Teatrının bədii rəhbəri Roin Surmanidze pyesin tamaşaya qoyulması üçün hər bir şəraiti yaratdı. Ukraynadan Maksim Kozolup, Belarusdan Roman Şidlovski, Gürcüstandan layihənin rəhbəri İrakli Qogiya və digər rejissor Otar Katamadze ilə birlikdə qısa müddətdə tamaşa üzərində işlədik.
Premyeraya bir neçə gün qalmış pyesin müəllifi Tuncər Cücənoğlu da Xuloya gələrək məşqlərə baxdı, öz məsləhətlərini verdi, aprelin 5-də premyerada iştirak etdi.
- Bəs bizim necə, beş rejissorun bir tamaşasını canlı seyr etmək imkanımız olacaq?
- Elə Xuloda qərar verildi ki, bu tamaşa digər ölkələrdə, o cümlədən onun hazırlanmasında iştirak etmiş rejissorların vətənində oynanılsın. Artıq “Uçqun”un Türkiyənin Trabzon və Ukraynanın Kiyev şəhərlərində göstərilməsi qərara alınıb. Yəqin ki, Azərbaycanda da bu tamaşa nümayiş ediləcək.
Gülcahan
Mədəniyyət.- 2018.- 13 aprel.- S.4.