“Tənbəl Əhməd” mövsümün sonunadək səhnəyə
çıxacaq
90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mövsümün növbəti tamaşasının məşqlərinə başlanılıb.
Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş “Tənbəl Əhməd” tamaşası uşaq və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqət kimi insani keyfiyyətlərin nə qədər mühüm olduğunu göstərmək niyyətindədir.
Tamaşaya gənc rejissor Ayla Osmanova quruluş verir, əsərin plastik həlli isə Ceyhun Dadaşova həvalə edilib. “Tənbəl Əhməd”in quruluşçu rəssamı Telman Şıxıyevdir.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, səhnə əsərində əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Anar Seyfullayev, Zümrüd Quliyeva, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova və başqaları məşğuldur.
“Tənbəl
Əhməd”in mövsümün sonunadək
tamaşaçılara təqdim edilməsi nəzərdə tutulur.
Mədəniyyət.- 2018.- 13 aprel.- S.4.