Milli-mənəvi Mayaklar

 

   100 yaşlı Cümhuriyyətimizin əbədiyaşar qurucularından Nəsib bəy Yusifbəyli

     

   Cəmisi 39 illik bir ömürdə, bəlkə də, 40 cildə sığmayası milli-şərəfli bir tərcümeyi-hal qazanmış Cümhuriyyət hökuməti başqanımız haqda sözümə onun nəfs əxlaqına dair bir epizodla başlamağı qərarlaşdırdım; bir gün yenə hansısa ailədaxili problemin həlli üçün təsərrüfatcıl atasından pul istəyən Nəsib bəy bu cavabı alır: “Tələbəliyində pul lazım olduqca verdim. Siyasətdə olanda dəfələrlə yazdın, göndərdim. Maarif naziri, Daxili işlər naziri işləyəndə istədin, verdim. İndi ki Baş nazirsən, yenə pulun yoxdur?..”

    Yox, bu azman Şəxsiyyət, cılız şəxslərin arşınıyca, “fərsiz-fərasətsiz”lərdən deyildi. İpəkdən zərif irfaniliyilə bahəm, nüfuzedicı baxışıyla dik başları endirtdirən igid kimi də tanınmış Nəsib bəy erməni terrorunun tüğyan etdiyi illərdə öz milli əqidədaşları ilə Gəncədə “qana qan!” devizliDifai” (dəfedici) təşkilatı (atası Yusif bəyin Həmid bəylə yaratdığı gizli müdafiə qurumu “Qeyrət”in bazası əsasında) yaratmışdı.

   Böyük millətçimiz Ə.Ağaoğlunun ideoloqluğu ilə yaradılmış həmin “Difainin bəyannaməsindən: “Erməni terror təşkilatları bundan sonra da müsəlmanlar üzərinə hücumlar edərsə, bizdən layiqli cavab alar. Daşnak partiyası əmin olsun ki, biz heç bir vaxt öz millətimizin bədbəxtliyi üzərində ermənilərin səadət və xoşbəxtlik qurmasına yol vermərik!”.

   Difai” qısa müddətə elə bir uğur qazanır ki, tez-tələsik danışıqlara başlayan ermənilər bizə qarşı vəhşiliklərini dayandırmalı olurlar (əlbəttə, müvəqqəti).

   Bu universal-fenomenal milli istiqlal mücahidinin mübarizə-xidmət fəaliyyətini hansısa konkret “qəlib”də vəsf etmək mümkünsüz. Ancaq, hər halda, oçerkizm tarixinin “həyat və yaradıcılığı” trafareti ayağından yanaşıban -

  

   Birincidən başlayaq

   

   Qədim Gəncənin köklü-köməcli əsilzadə soylarına mənsub (babası Usub bəy Cavad xanın vəziri olub) Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 5 iyul 1881-ci ildə doğulub. 1902-ci ildə başa vurduğu Gəncə klassik gimnaziyası direktorunun yazdığı xasiyyətnamədən: “Gəncə gimnaziyasında bulunduğu bütün 12 il boyunca bacarığı, əməksevərliyi, təvazökar davranışıyla seçilib. Boş vaxtlarını kitablar oxumaqla keçirib. Gimnaziya öhdəliklərini səliqə ilə yerinə yetirib”.

   O, 1902-ci ildə Odessa Universitetinin Tibb fakültəsinə qəbul edilir, 1903-cü il ərizəsilə Hüquq fakültəsinə dəyişilir, lakin 3 semestrdən sonra, təhsil haqqını ödəyə bilmədiyindən, universitetdən çıxarılır. 1907-də “ödəmə imkanı” yaransa da, Rusiyanı bürüyən inqilabi hərəkatla ilgili universitet müvəqqəti bağlanır və Nəsib bəyin “başıbəlalı təhsil illəri” hekayətinə Xarkov Universitetinin də adı düşür. İşə baxın ki, həmin universitetin məlum bolşevik-sovet dönəminə qədərki bütün arxivi müharibə zamanı məhv olduğuna görə, Nəsib bəyin bu universiteti haçan və necə bitirməsilə bağlı səhih bir məlumat yoxdur. Ancaq, tədqiqatçılar “Yeni həqiqət” qəzetinin: “hörmətli hüquqşünas N.B.Yusifbəyli”, M.Ə.Rəsulzadənin: “Nəsib bəy... ali təhsil görmüşdürkimi ifadələrinə, habelə, diplomsuz bir adamın təhsil naziri təyin edilməsinin mümkünsüzlüyü məntiqinə görə, onun həmin universiteti bitirdiyi vurğulanır.

  

   Mübarizə tərcümeyi-halı

  

   1909-cu ildə Gəncəyə qayıdıb şəhər bələdiyyəsində çalışan, 1911-də “Molla Nəsrəddin” jurnalı və qəzetlərdə çıxış edən, bir sıra xeyriyyə cəmiyyətinin, 1917-ci ilin martında öz yaxınları ilə yaratdığı (“Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili” tələbli) “Milli Federalist Türk Partiyası”nın işlərində milli bir əzmlə çalışır.

   Bir müddət sonra M.Ə.Rəsulzadə ilə yaxından tanış olub, “Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması” ideyalı Müsavat Partiyası ilə birləşəsi Nəsib bəy bütünlüklə ictimai-siyasi fəaliyyətə başlayacaq.

   Ancaq hələlik o, bir çox Türk ünvanlarında hürriyyət savaşındadır.

   1907-ci ildə Baxçasaraya gəlir, Rusiya müsəlmanlarının milli oyanışı üçün böyük maarifçilik missiyasını həyata keçirən (tezliklə “Kaspi” qəzetinin “Bütöv bir millət” adlandıracağı) görkəmli jurnalistictimai-siyasi xadim Qaspıralının “Tərcüman” qəzetində çalışır. Rusiya məktəblərində şagird və tələbələrin izlənilməsi üçün yaradılmış “şpiyonlarla dopdolu xəfiyyə sistemi”, “Mediyev başda olmaqla, Pobedonostsev və İlminskilərin “müsəlmanları ruslaşdırmaq” siyasəti, “velikorus şovinizminin XX əsr örnəyi Dmitrinskinin “Tatarları elə tatar müəllimlərinin köməyilə ruslaşdırmalı...” kimi məsələlərlə bağlı silsilə məqalələrlə çıxışlar edir və elə “ailə quruculuğuna da burada nail olur; İsmayıl bəyin qızı Şəfiqə xanımla evlənir.

   Bu məqamda Şəfiqə xanıma yazdığı iki məktubdan sətirlər:

   “...Mən bugünlərdə bir mövzudan digərinə dəlilər kimi atılıram. Keçənlərdə bir toplantıda çocuq təhsilinin nə qədər önəmli olduğu üzərində durdum... Hələ mənim öz zavallı atamın da bəzi görüşlərimi bəyənməməsi, oğlundan yolunu azmış birisi kimi bəhs etməsi!..”

   Bu arada başım bərk qarışıqdır, səhərdən-axşama 13 uşağı məktəbə hazırlayıram. Bir çoxları isə mənim bu qayğımı düzgün anlamır: “Necə olur da bu qədər vaxtımı qarşılıqsız olaraq onlara sərf edirəm?..”

   Öz çağının şahid-araşdırıcıları bu böyük publisistin “Təslim” adlı roman yazdığını da qeyd ediblər.

   Bütün vaxtını ictimai-siyasi-milli mübarizələrə sərfi (və bugünədək də sirr olan bir ailə ixtilafı) üzündən ayrılan Nəsib bəy-Şəfiqə xanım cütlüyü 1918-ci ildə yenidən birləşir. Azərbaycanda Cümhuriyyət qurulduqdan sonra o, ailəsini Bakıya gətirir. Lakin heç iki il keçməmiş bu ailə yalnız Tanrıya və başdan-başa şər bolşevizmə bəlli bir qətl səbəbilə əbədi ayrılmalı olur.

   Bu müəmmalı qətlin “baş tutmayan ilk versiyası” Azərbaycan Mərkəzi Tarix Arxivinin (illərlə heç kəsin diqqətini cəlb etməmiş) sənədləri içərisindəki 9 səhifəlik bir cinayət işində (bu “iş”də oxuyacağınız familiyalar da öz “iş”ində!):

   4 iyun 1919-cu il. Günorta vaxtı AR Nazirlər Sovetinin sədri N.Yusifbəyli mənzilindən çıxıb avtomobilinə tərəf irəliləyir. 5 dəqiqə sonra mühafizə bölüyünün süvarisi Ə.H.Dadaşov giriş qapısının davamında şübhəli bir adam görür və əlindəki bombanı ona verməsi tələbinə əməl etmədiyindən, xidməti silahını çıxarıb ona tuşlayır. Şübhəli şəxs tüfəngdən yapışıb müqavimət göstərir. Dadaşov alaqapıdakı mühafizəçi M.Q.Mirağaoğlunu köməyə çağırır və naməlum adam Bakı şəhər 5-ci polis bölməsinə gətirilir.

   Dindirilmə zamanı müəyyənləşir ki, bu şəxs - Aram Budaqov 1918-ci ildə Şamaxıdan Bakıya köçmüş bir erməni ailəsindəndir və guya o, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etdiyi vaxt “Türklər tərəfindən zərər çəkib”. A.Budaqova qarşı cinayət işi açılır, şahidlər dindirilir, onun sui-qəsddə istifadə edəcəyi partlayıcı maddənin - “Türkləri Bakıya buraxmamaq məqsədilə atasının ruslardan 8 min 600 rubla aldığı bomba”nın ekspertizası keçirilir. Məhkəmə prokuroru Eristov isə Azərbaycan Məhkəmə Palatası prokuroruna belə bir məktub göndərir: “Zati-alinizə bildirirəm ki, bu ilin 4 iyununda baş vermiş hadisə üzrə istintaqa başlanılıb. İstintaq Qavrilovun müşahidəsi altında aparılır. İstintaqın gedişi barədə əlavə məlumat veriləcəkdir”.

   Və... bu işin xitamı 1920-nin 29 aprelində (! - Azərbaycanda sovet hakimiyyətinin “qələbə”sindən bir gün sonra) verilir...

   Həmin ilin 27 aprelində isə Nəsib bəy pərişan halda (rus sürücüsü Mitya ilə) evə gəlib bildirir ki, hər yerdə tuthatutdur. Cibindəki pulun bir hissəsini stolun üstünə qoyaraq, xanımını və iki azyaşlı övladını məlul-məlul süzür, bəlkə uzun müddət görüşə bilmədik, özünüzü qoruyun, - deyib, qapıdan çıxır.

   Başsız ailə indiki Filarmoniya ilə üzbəüz binadakı mənzildən bayıra atılır. Xeyirxah insanlar, qısa müddətdə millət atalarından biri kimi tanınmış Baş nazirin külfətini şəhərin kənarında kiçik bir daxmaya yerləşdirir. Bundan bir müddət sonra xəbər tutan Türkiyənin Bakı konsulu (Məmduh Şövkət) gizlincə Şəfiqə xanımın yanına adam göndərib məqsədini anladır və tezliklə, bolşevik casuslarından yayındırıcı sənədlər düzəltdirərək onların Türkiyəyə keçməsini təmin edir. Xoş bir təsadüf nəticəsində Trabzonda qarşılaşdıqları AXC liderlərindən Şəfi bəy Rüstəmbəyli onları İstanbula gətirir və Şəfiqə xanım burada minimum yaşam imkanları tapa bilir. Qızı Zöhrə Cümhuriyyətin Avropaya ali təhsil almaq üçün göndərdiyi yüz tələbədən biri (bolşevik istilasından sonra Azərbaycana dönə bilməyən) Mirzə bəy Hacızadə ilə ailə qurur. Ata yolunu davam etdirən oğlu Niyazi Yusifbəyli isə mühacirət təşkilatları və mətbu orqanlarda çalışır.

   N.Yusifbəylinin qətl xəbəri İstanbula və Şəfiqə xanıma gec çatır. Türkiyədə nəşr olunmuş bir kitabdakı iki-üç cümlə bu xanımın Nəsib bəy əqidəsinə və sevgisinə ömrünün sonunadək sadiqliyindən xəbər verir: “Nəsib, hardasan? Heç nə bilmirəm. Harda olursan-ol, ətrafın nurla dolsun. Səni çox sevirəm, Nəsib!..”

   Cümhuriyyətimizin hökumət lideri N.Yusifbəylini isə artıq “bolşevik-daşnak” duallı əllər məxfi şəkildə qətlə yetirmişdi və saxta-yabançı dillər yanlış-yabançı informasiyalar yaymaqda idilər. Bunlardan biriguya onun öz yaxın dostu - Cümhuriyyət parlamentinin üzvü, Ərəş mahalının bəylərbəyi, millətçi “Əhrar” Partiyasının yaradıcısı, “daşnaklara qarşı mübarizə qəhrəmanı”, 1918-ci ildə Gəncəni xilasa yol alan Nuru Paşanı evində şərafətlə qonaqlayan, 1930-da güllələnmiş Qarxunlu Əşrəf bəy tərəfindən “tamah məqsədilə” öldürülməsi şayiəsi idi. Lakin İstanbulda təsadüfən ərinin sürücüsü ilə qarşılaşan Şəfiqə xanım sorğu-sual nəticəsində qətlin təfərrüatını öyrənir; daşnak-bolşeviklərin amansız təqibi səbəbilə Tiflisə (hələ sovet işğalı altına düşməmiş Gürcüstana) yollanan N.Yusifbəyli Kürdəmirdən keçərkən bolşevik xəfiyyələri tərəfindən qətlə yetirilir, yaralı sürücü isə qaçmağa macal tapır.

   Maraqlıdır ki, İstanbulda universitet bitirib, tezliklə Azərbaycan mühacirlərinin sırasına (H.Zərdabinin oğlu Səffət Zərdabi ilə birgə) qatılan, bütün ömrü uzunu atasının yolunu davam etdirən Niyazi bəy də həmin mövzulardanyaxa qurtara” bilməyib. Onlardan biri də - yaxın tariximizədək çox toxunulub-hallandırılmış Zaqafqaziya Konfederasiyası ideyası idi ki, o, bunun mahiyyətini erməni (“Daşnaksütyun”) və gürcü (“Menşevik”) partiyalarının yayımladığı birgə bəyannamədən bu sətirləri xüsusi şriftlərlə təqdim edib: “Əsrlərlə yan-yana yaşayan erməni və gürcülər heç bir zaman bir-biri ilə hərb etmədilər. Bu ittihad erməni və gürcülər arasında oğlan uşaqlarının dəyişdirilməsi adətinə də yol açdı və bu, iki qardaş xalq arasında “ana südü ilə qardaşlıq bağı”nı qüvvətləndirdi. Kraliça Tamara dövründə bu iki xalqı mərhəmətsiz səlcuqlardan qurtaran da məhz erməni-gürcü birləşmələri oldu...”

  

   Hər bir olay -

  

yazılana qədər şifahicə bir xatirə... Yazılı xatirəyə çevrilmə haqqı qazanan mətləblər və insanlar isə VƏTƏN obrazı, MİLLƏT portretinin irili-xırdalı atributları...

   Hər hansı bir dövlətdə “Maarif naziri, Daxili işlər naziri, Baş nazir kimdir-nədir” kimi sual-ehtimallar xeyli aydın məsələ olduğundan, sözümü, ömrün 40-cı ilinədək bu qədər məsul görəvlər daşımış bu böyük Azərbaycan bəndəsinə Tanrıdan qəni-qəni rəhmət, millətimizdən müqəddəs sayğı-duyğular diləyilə bitirirəm...

  

   Tahir Abbaslı

Mədəniyyət.- 2018.- 13 aprel.- S.13.