Səs həm də mədəniyyətdir...

 

   16 aprel Dünya səs günüdür

  

   1990-cı ildə Braziliyada təsis edilən 16 aprel - Dünya səs günü bir sıra ölkələrdə qeyd olunur. Bir neçə ildir ki, Azərbaycan da bu sıraya qoşulub.  

   Beynəlxalq Səs Cəmiyyətinin Azərbaycan üzrə milli koordinatoru, foniatr, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimli bildirir ki, bu günün keçirilməsinin əsas məqsədi səsin qorunması, insanlar arasında maarifləndirmə aparmaqla səs problemlərinə diqqət çəkmək, səsin gigiyenası haqqında ictimaiyyətə məlumat çatdırmaqdır. Onun sözlərinə görə, əvvəl Amerikaya, daha sonra AvropaAsiya ölkələrinə yayılan bu kampaniya 2001-ci ildən etibarən geniş qeyd edilir, bu günlə bağlı çoxsaylı tədbirlər reallaşır. Hər bir ölkədə təşkilatın milli koordinatoru var. Hazırda dünya üzrə 60-a yaxın milli koordinatorluq fəaliyyət göstərir.

   Dünyanın səs mütəxəssislərinin iştirakı ilə www.world-voice-day.org adlı sayt da yaradılıb. Bu sayt vasitəsilə müxtəlif ölkələrdə Səs günü ilə əlaqədar təşkil ediləcək tədbirlər haqqında məlumatlar yerləşdirilir. Bu tədbirlər sırasında konsertlər, seminarlar, pulsuz səs müayinələri, radio-televiziya proqramları yer alır. Bütün bu tədbirlər də sayta yerləşdirilir və insanlar daha çox məlumat almaq imkanı qazanırlar.

   Həmsöhbətim qeyd edir ki, bu il Səs günü ilə əlaqədar dünya üzrə 380-dək tədbir planlaşdırılıb: “Biz ilk dəfə 2014-cü ildə bir seminarla fəaliyyətə başladıq. Daha sonrakı illərdə Azərbaycan Milli Konservatoriyası ilə birgə konfrans təşkil etdik. İldən-ilə bu tədbirlərin sırası genişlənir, insanların marağı artır və daha çox məlumatlanırlar. Səs günü ilə əlaqədar bu il pulsuz müayinə, Azərbaycan radiosunda veriliş, o cümlədən Xalq artisti Fidan Hacıyevanın vokal məktəbində, musiqi məktəblərində müəllimlər və şagirdlər üçün “Səsimizi qoruyaq” adlı seminarlar təşkil ediləcək”.

   Mütəxəssis səsin qorunması, səs gigiyenasına əməl edilməsinin vacib olduğunu vurğulayır: “Səs tellərimiz gün ərzində ən çox istifadə edilən orqanlarımızdan biridir. İnsanlar bəzən buna fikir vermir, əhəmiyyətini o qədər də dərk etmirlər. Səs deyəndə ilk olaraq yada düşən insanlar müğənnilərdir. Bu gün səsini qoruyan sənət adamlarımız çox azdır. Yəni onlar öz səslərindən düzgün istifadədən xəbərsizdirlər. İnsanlar çox vaxt səsi sırf tibb sahəsi ilə əlaqələndirsələr də, o həm də bir mədəniyyətdir. Maraqlıdır ki, ilk dəfə səs telini müalicə edən insan da ispaniyalı musiqi müəllimi, vokal ifaçısı olub. İncəsənət sahəsi, xüsusilə vokal, aktyorluq və digər sahələrlə məşğul olanlara nitq mədəniyyəti, səhnə danışığı dərsləri ilə bərabər səslə bağlı dərslərin də keçirilməsi labüd məsələdir. Bir sıra Avropa ölkələrində, eləcə də Türkiyədə konservatoriyalarda səs dərsləri keçirilir. Biz səsimizlə, səs tellərimizlə bağlı məlumata malik olmalıyıq ki, ondan düzgün istifadə edək”.

  

   Lalə Azəri

 Mədəniyyət.- 2018.- 13 aprel.- S.8.