Həyatın hərtərəfli bədii əksi

 

 

   Ötən əsrin ikinci yarısında əxlaqi-didaktik əsərləri ilə ədəbiyyatımızı zənginləşdirən müəlliflərdən birinasir, dramaturq, tərcüməçi və teatr xadimi Nağı Nağıyev olub.

   13 iyul 1910-cu ildə Culfa rayonunun Yaycı kəndində dünyaya göz açan Nağı Kərim oğlu Nağıyev ilk olaraq mədrəsədə və “Üsuli-cədid” məktəbində təhsil alıb. 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib. 1935-1938-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində oxuyub. 1941-ci ilədək Ordubad və Babək rayonlarının kənd məktəblərində müəllimlik edib. 1942-1945-ci illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində mətbuat bölməsinin müdiri, 1946-1949-cu illərdə Naxçıvan Mətbuat İdarəsinin rəisi, 1949-1951-ci illərdə Naxçıvan Dövlət Radio Verilişləri Komitəsinin müdiri vəzifələrində çalışıb.

   Nağı Nağıyev Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan filialının açılmasında fəallıq göstərir. Sonra bu qurumun məsul katibi təyin edilir. Bu təşkilat Naxçıvanda ədəbi mühitin inkişafına müsbət təsir göstərir. O həm də gözəl teatr rəssamı olub. Naxçıvan teatrında quruluşçu rəssam kimi “Hacı Qara”, “Yaşar”, “Polad” (“Ölümdən həyata”) və digər əsərlərə bədii tərtibat verib.

   1951-ci ildə Bakıya köçən N.Nağıyev 25 il Azərbaycan Dövlət Nəşriyyatında Bədii ədəbiyyat şöbəsinin müdiri, böyük redaktor vəzifələrində çalışıb. Dövrün görkəmli yazıçı və şairlərindən Səməd Vurğun, Mir Cəlal Paşayev, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rəhimov, Süleyman Rüstəm və digərləri ilə sıx yaradıcılıq münasibətləri qurub. Bir sıra müəlliflərin kitablarının redaktoru olub.

   Qırx ilə yaxın bədii yaradıcılıqla məşğul olan müəllifin “Həsrət” romanı onun ilk irihəcmli əsəridir. Mövzusu kənd həyatından götürülüb. “Yer altında” povestində Naxçıvan duz mədəni işçilərinin ağır və şərəfli əməyindən bəhs edilir. OnunQaynar bulaqlar”, “Sumqayıtda”, “Milyoner briqada”, “Geoloqlar”, “Püskürən dərə” adlı oçerkləri isə həyatın müxtəlif sahələrində çalışan müxtəlif peşə adamlarının fəaliyyətinə işıq salır.

   O, əsərlərində daim həyat reallıqlarına söykənib. İştirakçısı olduğuya yaxından izlədiyi hadisələri təxəyyül süzgəcindən keçirib. N.Nağıyevin yaradıcılığı ilə yaxından tanış olan Xalq yazıçısı Süleyman Rəhimov onun 60 illik yubileyi ərəfəsində yazıb: “Mənalı hekayələrini oxuyarkən bu sakit, yorulmadan çalışan, bir qabil redaktor kimi əsərlərimizin üzərində əmək sərf eləyib yeri düşdükcə xeyirxah məsləhətləri ilə bizə kömək edən Nağı gözümdə öz yaradıcılığı ilə bir daha yüksəldi. O, qələmə aldığı mövzuları, təsvir etdiyi hadisələri elə real, inandırıcı yazır ki, oxuyarkən deyirsən: “Nağı müəllimdir, Nağı ovçudur, Nağı aqronomdur, hərbçidir, həkimdir və s... Nağı Nağıyevin “Həsrət” romanını oxuyarkən onun həyatı necə hərtərəfli bildiyinin şahidi olursan...”

   Müəllifin “Miniatür yazılar” əsərində yer alan satiralar daha çox tərbiyəvi xarakter daşıyır. Ona görə də həyatda baş verən neqativ hallara münasibət bildirərkən uşaqları da unutmur. Uşaqlar üçün həm maraqlı, həm də təsirli olsun deyə şəxsləndirmə üsulundan ustalıqla istifadə edir. “Uşaq və qəcələ” miniatür yazısında qəcələ (bəzi bölgələrdə sağsağan quşuna verilən ad - red.) qanadları ilə öyünür. Uşağın qanadı olmadığı üçün xiffət edir. Yazıçı bu zaman bir şəxsin dili ilə ona təsəlli verir. Uşağa deyir ki, sənin də qanadların var... Əgər sən elm və sənət öyrənsən, onlar da sənin qanadların olar. Uşaq da bundan təskinlik tapır.

   “Ədəb mağazası” miniatür yazısında isə yazıçı qocanın dili ilə uşağa öyüd verir: “Bala, ədəb mağazası hər adamın öz evidir. Satıcılar da ata və analarıdır. Evə çatanda ədəbin yerini soruşun, əsirgəməzlər, verərlər”.

   Nəzakət Hüseynqızı araşdırmasında yazır ki, N.Nağıyev kiçik həcmli əsərlərində böyük hikmət ifadə etməyə müvəffəq olub.

   Bədii tərcümə sahəsində də uğurlu fəaliyyət göstərən Nağı Nağıyev 13 may 1981-ci ildə Bakıda vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 13 aprel.- S.15.