Xalq yazıçısı Anarın yubileyi Ankarada qeyd edildi

 

   Yazıçının türk dilində çapdan çıxan “Çağdaşlarım" kitabı təqdim olundu

  

   Aprelin 16-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Ankaradakı qərargahında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 80 illiyi münasibətilə mərasim keçirildi. Tədbirdə yazıcının TÜRKSOY tərəfindən türk dilində nəşr edilən “Mənim müasirlərim" (“Çağdaşlarım”) kitabının təqdimatı oldu.  

   Açılış nitqi ilə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov türk xalqlarının mədəniyyətində, ədəbiyyatında böyük xidmətləri olan şəxsiyyətlərin ənənəvi olaraq yubileylərini keçirdiklərini qeyd etdi: “Bu gün belə şəxsiyyətlərdən birinə həsr edilmiş tədbirə imza atdıq. Anar Azərbaycan türklərinin fikir və sənət sahəsində şöhrət qazanmış müdrik ağsaqqalıdır. O, Türk dünyasında tanınmış bir yazıçıdır. Anarın əsərləri qardaş türk xalqlarının dillərinə və digər bir çox dillərə tərcümə edilərək, zəngin türk mədəniyyəti və ədəbiyyatına töhfə verməkdədir”.

   Mərasimdə iştirak edən Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxışında Anarı Azərbaycan və müasir Türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi kimi xarakterizə etdi: Anar kimi münəvvərlər Türk-İslam dünyasının qütb ulduzudur. İnanıram ki, türkdilli dövlətlərin güclü liderləri, dəyərli yazıçıları və mədəniyyət adamları ilə birlikdə qurulan əlaqələri daha yüksək səviyyəyə çatacaq. Bu dövlətlər İsmayıl Qaspralının bizə vəsiyyət etdiyi "Dildə, fikirdə və işdə birlik" məqsədini yerinə yetirəcəklər”.

   Ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim isə Azərbaycanın Xalq yazıçısının yubileyinə həsr edilmiş tədbirin keçirilməsinə görə TÜRKSOY-a təşəkkürünü bildirdi. O, Azərbaycanda hər bir ailədə Anarın kitablarının olduğunu və Azərbaycan gənclərinin düşüncələrinin formalaşması və inkişafında bu kitabların böyük təsiri olduğunu dedi.

   Çıxışlardan sonra yubilyarın həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirildi.

   Sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, yazıçı-dramaturq Elçin Hüseynbəyli, “Mənim müasirlərim" kitabını türk dilinə çevirən yazıçı İmdad Avşar və başqalarının iştirakı ilə panel düzənləndi. Çıxış edənlər yazıçının həyatı, əsərləri haqqında danışdılar.

   Tədbirin bədii hissəsində aşıq Səlahəddin Dündar Anara həsr etdiyi nəğməni oxudu.

   Tədbirin sonunda çıxış edən Anar vaxtilə türk respublikalarının müstəqilliklərini qazandıqdan sonra Azərbaycanda keçirilən bir tədbirdə Türk dünyasının UNESCO-sunun qurulmasının vacibliyini başqa iştirakçılarla birlikdə diqqətə çatdırdığını bildirdi:Bu gün TÜRKSOY bu missiyanı yerinə yetirirçox dəyərli işlərinə görə onlara təşəkkür edirəm”.

   Mərasimin sonunda D.Kaseinov “çağımızın Dədə Qorqudu” adlandırdığı yazıçıya qopuzqazax milli geyimi olan çapan hədiyyə etdi.

  

   Mehparə Sultanova

   Ankara  

Mədəniyyət.- 2018.- 18 aprel.- S.3.