“Lulu” və
qüssə dolu “Tristessa”nın doğurduğu təəssürat
Qara Qarayevin 100
illiyinə həsr olunmuş müasir musiqi gecəsi
Musiqi festivalları, sənət bayramları, sənət dühalarının yubileyləri bir də ona görə maraqlıdır ki, belə tədbirlərə qoşulan hər kəs sənət zövqünü cilalamaq, dünyagörüşünü genişləndirmək imkanı da qazanır. Aprelin 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş “Tristessa” müasir musiqi gecəsinə toplaşan musiqi ictimaiyyəti nümayəndələrinin, eləcə də ümumilikdə musiqisevərlərin ruhu bu sayaq təzələndi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, Bakının mədəni mühiti ilə maraqlanan turistlər konserti dinləyənlərin arasında idilər.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsertdə gənc dirijor, Əməkdar artist Fuad İbrahimovun idarəsilə çıxış edirdi. Konsertin birinci hissəsində görkəmli Avstriya bəstəkarı Alban Berqin soprano ilə orkestr üçün “Lulu” süitası səsləndi.
Bəri başdan deyək ki, bu, qəliz taleli əsərin Azərbaycanda ilk ifası idi. Bəstəkar, pedaqoq, alman ekspressionizmi və “Yeni Vyana məktəbi”nin parlaq nümayəndələrindən olan Alban Berq (1885-1935) öz yaradıcılığında Arnold Şönberqdən öyrənib qidalanıb. Öz növbəsində 50 il ömür sürmüş, tibbi yanlışlıq üzündən (infeksiyanın qana yoluxması) dünyasını dəyişmiş bu bəstəkarın yaradıcı irsi də özündən sonra gələn XX əsrin görkəmli avanqardistləri - D.Şostakoviçin, Q.Qarayevin, E.Denisov və A.Şnitkenin, digər bəstəkarların yaradıcılığına təsirsiz ötüşməyib.
“Lulu” süitasına gəlincə, deməliyik ki, A.Berq 1928-ci ildən ömrünün sonunadək alman ədəbiyyatında erkən ekspressionizmin nümayəndəsi sayılan Frank Vedekindin (1864-1918) “Torpağın ruhu” və “Pandora yeşiyi” dram əsərlərinin əsasında “Lulu” operası üzərində işləyib. Qəfil ölümü ona dostu və müəllimi A.Şönberqə həsr etdiyi operanı tamamlamağa imkan verməyib: musiqini tam bəstələyib və klavirini nota köçürsə də, orkestr üçün işləməni başa çatdıra bilməyib. Cazibədar “canalan qadın”ın ətrafında cərəyan edən “Lulu”nun estetik konsepsiyası Vyana dekadans dövrü ilə səsləşir. Bəstəkarın vəfatından sonra həyat yoldaşı Yelena Berq 3-cü pərdənin klavirini orkestr üçün işləməyi Şönberq, Vebern və Simlinskiyə təklif etsə də, onlar vaxt qıtlığını əsas gətirərək, təklifi qəbul etmirlər. Lakin 1937-ci ildə Sürix Operasındakı premyerada əsərin yalnız ilk iki pərdəsi və üçüncü pərdədən orkestr üçün fraqmentin səslənməsinə baxmayaraq, “Lulu”nun uğuru dul qadını inandırır ki, opera elə bu sayaq da ifa edilə bilər. Yelena Berq ömrünün sonunadək digər musiqiçilərin partituranı sona çatdırmaq cəhdlərinə mane olur. Yalnız onun Berqin vəfatından sonra “Lulu”nun tam versiyası (çex bəstəkarı F.Serxanın redaktəsində) səhnələşdirilir.
Biz isə doğma səhnədə “Lulu” operasından 5 hissəli süitanı dinlədik. Soprano üçün solonu Əməkdar artist Fəridə Məmmədova ifa edirdi. Fəridə xanımın istər opera partiyalarda, istərsə də konsert-vokal ifaçılığında hər bir əsəri təkcə vokalçı kimi yox, həm də aktrisa kimi təqdim etməsi onun yaradıcılığını izləyənlərə məlumdur. Amma bu dəfə gözəl soprano əsl səhnə performansı nümayiş etdirdi. İndiyədək Azərbaycanda tamaşaya qoyulmamış (əslində dünya opera teatrlarının da seyrək müraciət etdiyi) əsərin titul qəhrəmanını elə təqdim etdi ki, salondakı dinləyicilər özlərini həm də tamaşaçı kimi hiss etdilər. Fəridə xanım Lulunun ariyasını ifa etmək üçün səhnəyə çıxanda əlindəki tapançanı dirijor Fuad İbrahimova tuşlamaqla onu həm də səhnə tərəfdaşı kimi gördü.
Konsertin ikinci hissəsi də birincidən az
sürpriz vəd etmirdi. Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin “Tristessa 1” vida simfoniyası səslənməliydi. Fasilədən sonra salona qayıdan
musiqisevərlər bir
qədər çaş-baş
qaldılar. Çünki proqramda simfoniyanın solo çıxışçısının adı qeyd edilməsə
də, royal səhnənin
önünə çəkilmişdi.
Məlumat üçün deyək ki, Fərəc Qarayev bu əsəri 1982-ci ildə atası, dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr edib və simfoniyanın
partiturasında “Atama,
Müəllimimə, Dostuma
ithaf” sözlərini yazıb. Əsər ilk dəfə 1983-cü ildə Bakıda, dirijor Rauf Abdullayevin
idarəsi ilə səslənib. Simfoniyada Qara
Qarayevin fortepiano üçün
prelüdlərindən fraqmentlər
yer alıb ki, onları elə dirijor Fuad İbrahimov özü royalda ifa etməklə əsərə fərqli səsləniş gətirdi.
Əslində məşhur virtuoz
simli alət, əsasən violin və
alt ifaçılarının orkestri idarə etməklə yanaşı,
solo ifası sənət
praktikasında ara-sıra
rast gəlinən haldır. Dünya şöhrətli Yuri Başmet, Andre Ryö kimi maestrolar öz orkestrləri ilə konsertlərinə böyük marağı məhz bu cəhətlə
təmin edirlər.
Amma royalda çalaraq, həm də orkestri idarə etmək... bu, yəqin ki, dirijorların səhnə
fəaliyyətində nadir rast gəlinən ideyadır. Bəstəkarın düşüncəsinə görə, simfoniyanın
sonunda musiqiçilər
səhnəni tədricən
tərk edirlər ki, bu da
Yozef Haydnın məşhur “Vida” simfoniyasına
allüziativ assosiasiya
yaradır. Fransız dilində
kədər, qəm, qüssə mənasında
işlədilən “Tristessa”
simfoniyası isə bəstəkar oğulun ata itkisini ovutmaq
üçün daha çox simli alətlərlə incə
səslənişli nəfəs
alətlərinin ifası
üzərində qurduğu
əbədi kədərin
sızıltılı izharıdır.
Bəli, kişilər
öz kədərlərini
bu cür səsləndirirlər: hayqırmadan,
içinə çəkərək...
Sonda səhnədə tək qalan Fuad İbrahimovun
royal arxasından qalxdıqdan
sonra da prelüdün tanış
sədalarının köhnə,
xırıldayan val səsilə salona yayılması, səhnədə
işıqların tədricən
öləziməsi fonunda
Qara Qarayevin portretinin daha gur işıqlanması həm də konsertin dahi bəstəkarın ruhuna ehtiram təcəssümü
kimi qavranıldı.
...Bütün konserti salonun balkonundan izləyən, sürəkli alqışlara baxmayaraq, səhnəyə çıxmaq istəməyən bəstəkar Fərəc Qarayevin bu jesti anlaşılan idi: qoy günbəzli tavana qalxan alqışlar bu minnətdarlıq dolu ehtiramı Qara Qarayevin ruhuna çatdırsın.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2018.- 18 aprel.- S.5.