Arzulanmayan aktyor taleyi səhnəyə
çıxanda...
Aktyorluğu özünə peşə seçənlər də, bu sənəti seyrçi qismində tanıyanlar da bilir: aktyor asılı sənət sahibidir, rejissor onu hansı rolda görürsə, həmin rolu təklif edəcək. Görmürsə... Bəlkə də zaman-zaman aktyorların özlərini quruluşçu rejissor, bəzən isə pyes yazarı olaraq sınamaq arzusunun içində də bu asılılıqdan qurtulmaq istəyi durur. Çox nadir hallarda isə dramaturqlar, ssenaristlər aktyor taleyindən bəhs edən əsərlər də qələmə alırlar...
Xorvat yazıçısı Miro Qavran da bu mövzuya müraciət edib, səhnədə az-çox bəxti gətirmiş Aktyor və Aktrisanı birhissəli psixoloji dramın qəhrəmanı edib.
Şuşa Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulan “Aktyor əbədiyyətə qovuşanda” əsəri Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində oynanıldı.
Aprelin 13-də tamaşanın premyerasından öncə TXİ İdarə heyətinin sədr müavini, Xalq artisti Hacı İsmayılov tamaşaçıları salamlayaraq, dramaturq Miro Qavran barədə məlumat verdi, onun iki-üç aktyorun iştirakı üçün nəzərdə tutulmuş kiçikhəcmli pyeslərinin bizim üçün təzə olduğunu söylədi. Bu yaxınlarda Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində həmin müəllifin “Arvadımın əri” pyesi əsasında “Qəribə, çox qəribə əhvalat” tamaşasının ilk dəfə oynanıldığını dedi.
Pyesi rus dilindən Svetlana Həkimova tərcümə
edib. Musiqi tərtibatında
tanınmış xorvat
pianoçusu Maksim Mrvitsanın ifasında bəstəkarlar Tonçi
Huljiçin və Klod Debüssinin əsərlərinin lent yazısından
istifadə edilib. Tamaşanın quruluşçu rejissoru əsərdəki
Tom rolunun ifaçısı,
Əməkdar artist Nazir
Rüstəmovdur. Onun tamaşadakı
tərəfdaşı isə
teatrın aktrisası
Bahar Həmzəyevadır.
...Tom ömrü
boyu aktyor olmaq istəyib. Hətta teatr institutuna daxil olub, lakin
dərslər başlar-başlamaz
ailələrində baş
verən faciə onu təhsili atıb işləmək məcburiyyətində qoyub.
Əgər belə olmasaydı, o yəqin ki, ilk baxışdan aşiq olduğu tələbə yoldaşı,
hələ imtahan zamanı diqqətini çəkmiş mavi paltarlı qızla - gələcəyin məşhur
aktrisası Yeva ilə elə o zaman yaxından tanış olar, hər ikisinin sənət və həyat taleyi başqa məcrada davam edərdi.
Aradan illər keçəndən
sonra öz teatrını yaratmış
Tom aktyor taleyi barədə bir pyes yazıb, həmin pyesi öz teatrında tamaşaya qoymaq fikrinə düşüb,
hətta həmin əsərdəki Kişi
rolunu da şəxsən oynamaq niyyətindədir. Qadın
rolunu isə son dörd ildə doğma teatrında yeni tamaşada rol almamış, yaş artdıqca rejissorların diqqətindən
kənarda qalan Yeva oynamalıdır!
Tamaşa elə onların
tanışlığı ilə başlayır.
Hadisələr cərəyan etdikcə
Yeva öyrənir ki, vaxtilə onu teatrdan uzaqlaşmağa
qoymayan naməlum pərəstişkarı da,
müəllimlərin tələbə
adından imtina etdiyini dedikləri həmin qəribə oğlan da elə
Tom imiş. “Aktyor
əbədiyyətə qovuşanda”
pyesinin mətnindəki
sözlər hər ikisinə təsir edib:
...Aktyor əbədiyyətə qovuşanda
onunla birlikdə oynadığı rollar da ölür.
...Aktyor əbədiyyətə qovuşanda
onunla birlikdə pərəstişkarları da
ölür.
...Aktyor əbədiyyətə qovuşanda
onunla birlikdə heç vaxt yanmayan projektorların işıqları da ölür.
Bəs tamaşanın sonluğu
necə bitir? Tom məhz Yeva
ilə özünün
oynaması üçün
qələmə aldığı
pyesi səhnələşdirə
bilirmi?
Bu suallara
cavab vermək tamaşanın məzmununu
danışmaq olardı.
Sadəcə, bunu demək
istəyirik ki, Miro Qavran “Aktyor
əbədiyyətə qovuşanda”
pyesi ilə həm sənət asılılığı yaşamağa
məhkum aktyorları
anlamaq istəyib, həm də aktyorların bu asılılıq içində
ən böyük sərbəstliyi seçə
bilməməsinə acıyıb.
Tamaşaya gəlincə, bizcə,
əsərin mətni
iki nəfər üçün çox,
həm də ağır idi. Bugünkü tamaşaçı, xüsusən də psixoloji dram seyr etmək istəyən tamaşaçı baxdığı
nəsnə barədə
daha çox düşünmək, təqdim
edilən əhvalata dair özü qərar çıxarmaq istəyir, nəinki əhvalatın xırdalıqlarını
ən xırda nüanslaradək açıqlayan
söhbəti dinləmək.
İnternet resurslarında bir qədər geniş araşdırmalarımız Miro
Qavran barədə cüzi biliyimizi az da olsa, genişləndirdi.
1962-ci il (başqa mənbədə
1961) təvəllüdlü dramaturq həm də böyüklər və uşaqlar üçün nəsr nümunələri yazır.
“Mərkəzi Avropa vaxtı” (1999), “Avropa çevrəsi”
(2003) və digər teatr mükafatlarına layiq görülüb.
Əsərləri 25 dilə çevrilmiş
Miro Qavranın pyesləri Bombeydən
Buenos-Ayresədək, Rotterdamdan
Vaşinqtonadək dünyanın
müxtəlif teatr məkanlarında oynanılır.
Hətta
Slovakiyanın Trnava şəhərində onun
pyeslərinin oynanıldığı
“Qavranfest” adlı teatr festivalı təşkil olunur. İndiyədək 6 dəfə baş
tutmuş bu festivallarda əsasən Şərqi Avropa ölkələrinin teatrları
iştirak edirlər.
Ola bilsin ki, qarşıdakı illərdə “Qavranfest” festivalında Azərbaycan teatrlarının da iştirakı barədə xəbərləri yaymaq qismətimizə düşdü.
G.Mirməmməd
Mədəniyyət.- 2018.- 18
aprel.- S.6.