Tətilə səsləyən
sərgi və ləziz sonluq
Ölkəmizdə keçirilən Frankofoniya həftələri sona çatdı. Aprelin 13-də Milli İncəsənət Muzeyində İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə açılan "Tətilə getdin!" adlı vintaj poster sərgisi 14 gün davam edən tədbirlərin sonuncu mədəniyyət layihəsi oldu.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutan sərginin mövzusu barədə məlumat verən muzeyin İnnovasiyalar şöbəsinin müdiri Səbinə Ağamirova söylədi ki, bu sərgi ziyarətçilərə füsunkar təbiəti, yüksək turizm imkanları olan İsveçrəni posterlər vasitəsilə seyr edib harada istirahət etmək barədə düzgün qərar çıxarmağa kömək edəcək.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ölkələrimiz arasında qarşılıqlı mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi: "İsveçrə mədəni və təbii turizm potensialına görə turistlər arasında tanınmış məkanlardan biridir. Bakıda keçirilən AİTF sərgisində hər il İsveçrənin turizm sənayesi də təmsil olunur. İsveçrə, eyni zamanda vətəndaşları “ASAN Viza” ilə Azərbaycana səyahət edə bilən ölkələr siyahısına daxildir. İnanıram ki, sərgi İsveçrənin turizm potensialının ölkəmizdə tanıdılmasına töhfə verəcək”.
İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder bildirdi ki, ekspozisiya bu ölkədə turizmə aid ən gözəl vintaj posterləri arasından seçilib. Həm tarixilik, həm də sənətkarlıq baxımından dəyərli sayılan posterlərin daha geniş kolleksiyası keçən il "Switzerland Tourism" təşviqat assosiasiyasının 100 illiyi münasibətilə İsveçrənin bir çox muzeyində nümayiş olunub. Məlumat üçün deyək ki, vintaj üsulu ilə reklam plakatları, yəni posterlər 1870-ci illərdə İsveçrənin qonşusu Fransada meydana çıxıb. Rəssam Jül Şere rəngli litoqrafiyanı icad edəndən sonra bütün dünyadakı qrafik rəssamlar öz ideyalarını rəngarəng plakat formasında ifadə etməyə başladılar.
Qeyd edək ki, Frankofoniya həftələri başa çatsa da, "Tətilə gedin!" sərgisi aprelin 28-dək davam edəcək.
* * *
Ertəsi gün isə "Landmark"da Frankofoniya həftələrinə yekun vuruldu. Mərasimdə təşkilatçı ölkələrin səfirlikləri milli mətbəx mədəniyyətlərini nümayiş etdirdilər. Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez 11 dövlətin Azərbaycandakı səfirliyinin qoşulduğu Frankofoniya həftələrində keçirilmiş tədbirlər haqqında məlumat verdi.
Qeyd edildi ki, aprelin 1-dən başlamış Frankofoniya həftələrində Belçika, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Moldova, Meksika, Rumıniya və İsveçrə, həmçinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən müxtəlif sərgilər, film nümayişləri, "YARAT" Müasir İncəsənət Mərkəzində "Mugham souls" konserti də daxil olmaqla, otuzdan çox tədbir gerçəkləşib. Səfir fransız dilinin Azərbaycanda da dəstəklənməsini alqışladı.
İştirakçı ölkələrin təklif etdikləri milli mətbəx nümunələri dekorativ-tətbiqi sənət nümunələrinin, milli geyimlərin, ölkəyə aid turizm yönlü ədəbiyyatın təbliği, milli musiqi nümunələrinin təqdimatı ilə süsləndi.
İldən-ilə təklif edilən tədbirlərin sayı və rəngarəngliyi artan Azərbaycanda Frankofoniya həftələri ilə növbəti görüş bir də 2019-cu ilin baharında baş tutacaq.
G.Mirməmməd
Mədəniyyət.- 2018.- 18 aprel.- S.8.