Konqreslər Bürosu ilə turizm agentlikləri arasında əməkdaşlıq

 

   Four Seasons Baku” mehmanxanasında Azərbaycan Konqreslər Bürosu (AzKB) ilə turizm agentlikləri arasında əməkdaşlığa həsr edilmiş görüş keçirilib.

   Müxtəlif təşkilatlardan 70-dək nümayəndənin iştirak etdiyi tədbirdə AzKB-yə üzv olmağın üstünlükləri müzakirə edilib. Qeyd edilib ki, büroya üzv olan təşkilatlar Bakı Şopinq Festivalı, MICE (toplantı, təşviqat, konfrans və sərgi) tədbirləri zamanı xüsusi üstünlüyə malik olurlar.

   Tədbir zamanı, həmçinin planlaşdırılan sərgilər, may ayında AzKB tərəfindən 10 şəhərdən cəlb ediləcək əsas MICE şirkətlərinin tanışlıq səfərinin təşkil olunması, mayın 1-dən 31-dək keçiriləcək Bakı Şopinq Festivalı haqda geniş məlumat verilibbu tədbirlər zamanı əməkdaşlıq müzakirə edilib. Büro üzvlərinin hansı üstünlüklərə malik olması, qurumun bu il üçün əsas satış və marketinq yanaşmaları barədə geniş məlumat verilib.

   AzKB-nin turizm şöbəsinin nümayəndəsi növbəti Bakı Şopinq Festivalı barədə məlumat verərək qeyd edib ki, turistlərin həvəsləndirilməsi üçün xüsusi olaraq may ayında Bakı istiqamətinə hazırlanmış səfər paketləri çox sərfəlidir. Təklif edilib ki, turizm agentlikləri bu turist paketlərindən faydalanaraq müştərilərə satışlar təşkil etsinlər.

   Görüşdə iştirakçıların müxtəlif sualları cavablandırılıb. Tədbir iştirakçıları “Azerbaijan meeting planers guide” kitabçasının təqdimatına da baxıblar. Kitabça ilə büronun saytında azcb.com/azerbaijan-meeting-planner-s-guide keçidi vasitəsilə tanış olmaq mümkündür.

 

Mədəniyyət.- 2018.- 18 aprel.- S.9.