“Rusiyada Azərbaycanın
turizm imicini yaratmağa nail olduq”
Rusiya turizm
bazarında uzaq ölkələrlə müqayisədə
yaxın xaric istiqamətlərinin rəqabət qabiliyyəti
getdikcə artmaqdadır. Çox hallarda
onlar Avropa səviyyəsində xidmət təklifləri, daha
sərfəli və rahat yol kimi üstünlüklərə
malikdir. Bir neçə il əvvəl “Tour A Vent”
şirkəti bazara ikili qisimdə - həm Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi
nümayəndəliyi, həm də etibarlı turoperator kimi
daxil olan zaman Azərbaycan da səyahət və istirahət
üçün cazibəli turizm istiqaməti qismində
özünü göstərməyə başladı. Bununla Rusiya sakinlərində qonşu ölkəyə
maraq da artdı. Məlum oldu ki, burada həm
gözəl çimərliklər və rahat hotellər, həm
də dağ-xizək kurortları, müalicəvi Naftalan
nefti, əhəmiyyətli tarixi abidələr və diqqətəlayiq
maraqlı yerlər mövcuddur.
“Tour A Vent”
şirkətinin baş direktoru Alla Arriyeta Kordoves Rusiyanın
Vesti.ru saytının “Turizm” xüsusi layihəsinə
müsahibəsində bu barədə ətraflı söhbət
açıb.
- Biz 2015-ci ilin dekabrında fəaliyyətə
başladıq və artıq 2016-cı ilin əvvəlində
genişmiqyaslı təqdimatlar keçirdik, Rusiya turizm sənayesi
nümayəndələrini kimliyimiz və qarşımıza
qoyduğumuz məqsədlər haqda məlumatlandırdıq.
O zaman Rusiya turizm bazarında Azərbaycanın mövqeləri
kifayət qədər aydın deyildi. Lakin bu məqamda
bazarda iki güclü oyunçu - Türkiyə və Misir
istiqamətində səyahətlər zəiflədi. Həmin istiqamətlərlə uzun illər işləmiş
turoperatorlar xidmətlərini kimə təklif etmək, kiminlə
işləmək suallarına gərgin halda cavab tapmaq məcburiyyətində
qalmışdı.
- Bəs Azərbaycan
geniş “all inclusive” xidmətlərinə malik kütləvi
turizm ölkəsi kimi Türkiyə ilə Misirə alternativ
sayıla bilərmi?
- Təbii ki yox. Bizdə
olduqca keyfiyyətli çimərliklər var, lakin biz klassik
çimərlik istiqaməti deyilik. Digər
tərəfdən, Azərbaycanın elə
üstünlükləri və özəllikləri var ki, hətta
Misir-Türkiyə xidmətlərinə alışmış
turistlərin belə marağını özünə cəlb
edə bilir.
Buna görə “Tour A
Vent” ilk olaraq Rusiya turagentləri arasında kütləvi
maarifləndirmə işləri aparmağı
qarşısına məqsəd qoydu. Dərhal fəal şəkildə
tanışlıq təyinatlı fam-triplər və
press-turlar təşkil edildi ki, Rusiya turizm peşəkarları
öz gözlərilə görsünlər ki, Azərbaycan nədir,
hansı “dad-tam”lara malikdir. Məlum oldu ki,
onun dadı həqiqətən çox gözəldir! Həm həqiqi, həm də məcazi mənada.
Bu gün artıq
çoxlarına məlumdur ki, Azərbaycan olduqca rəngarəng,
cazibədar və yaddaqalan ölkədir. Görməli
yerlər, müalicəvi xidmətlər, ilıq dəniz və
kütləvi şəkildə rusca bilən səmimi əhali.
Bunların hamısı bizə Rusiyanın
keçmiş Türkiyə-Misir meyilli turisti
üçün mahiyyətcə yeni maraq dairəsini
formalaşdırmağa imkan yaratdı. Seçdiyimiz yol
olduqca çətin oldu: məzuniyyətdə “çimərlik”
həvəskarlarının köhnə vərdişlərini
dəyişmək, maraq dairəsini genişləndirmək
yeni növ istirahətə zövq aşılamaq və eyni
zamanda günəş-çimərlik və bol dadlı yeməklər
kimi ənənəvi istəklərini təmin etmək. Sadəcə, Azərbaycanın xeyli başqa
üstünlükləri də var.
O zaman baş verən maliyyə
böhranı şəraitində bizim istiqamətin
mühüm əlavə üstünlüyü üzə
çıxdı - qısa məsafəyə sərfəli
qiymətlə uçuşlar. Çox
keçmədən adamlar özləri gəlməyə
başladılar. Biz isə əməkdaşlarımız
olan Rusiya turagentlərinin köməyi ilə turist
qruplarını formalaşdırmağa başladıq. Məlumdur ki, rusiyalılar əsas etibarilə
uçuş, yaşama, qidalanma, ekskursiyalar və transferlərdən
ibarət olan paket turlarına üstünlük verir. Adam qayğısız-filansız dincəlir, istirahətdən
həzz alır, çoxlu yeni duyğu və bilgilər
toplayır.
Əlbəttə, Azərbaycanın
Mədəniyyət və Turizm Nazirliyinin bizə geniş dəstəyi,
ölkəni turizm bazarında irəli aparmaq işində hərtərəfli
yardım göstərməsi bizim üçün
böyük kömək oldu. Nəhəng
Rusiya ərazisində bu sahədə böyük maliyyə məsrəfləri
tələb olunur. Rusiyada reklam da çox
baha başa gəlir, xüsusilə də televiziya reklamı.
Buna görə qərara aldıq ki, reklam yerləşdirərkən
artıq çox populyar olan və zənnimizcə,
böyük perspektivlərə malik olan dağ-xizək istiqamətlərinə
- Şahdağ və Tufandağ turizm komplekslərinə
xüsusi diqqət verək. Bunlarla
yanaşı, Azərbaycanın digər istirahət istiqamətlərini
həmçinin internetdə və müxtəlif KİV-lərdə
reklam edirik.
- Bəs bu reklam nə qədər
effektlidir?
- Bilirsiniz, birdəfəlik konkret
effekti hesablamaq çox çətin məsələdir. Adam çoxsaylı müxtəlif mənbələrdən
məlumat almalıdır ki, onu, necə deyərlər, hər
bir guşədən təsdiq etsinlər. Yeri
gəlmişkən, ölkədə keçirilən tədbirlər
də əla reklam alətidir. Tanınmış
müğənni Eminin keçirdiyi “Jara” beynəlxaq musiqi
festivalına Rusiyadan minlərlə qonaq gəlir. Hələ saysız-hesabsız jurnalistləri demirəm.
Onlar bu musiqi bayramının heyranedici
ab-havasına dalaraq, respublikanın təbii və mədəni
sərvətlərindən heç olmasa bir qarış məlumat
əldə edərək, ölkədən məftun halda
qayıdırlar. Sonra isə KİV-lərdə, sosial
şəbəkələrdə heç də yalnız
festivalın “ulduz”larından deyil, habelə ümumən onlara
vurğunluq hissi və xoş duyğular bəxş etmiş
ölkədən söhbət açırlar. Hər il Qəbələdə keçirilən musiqi
festivalı da ictimaiyyəti çox sevindirir. Bundan
əlavə, Formula 1 yarışması, başqa idman tədbirləri
də var ki, Bakı küçələrində qonaq
izdihamları yaradır. Məsələn, ötən il İslam Həmrəyliyi Oyunları, ondan
öncə isə Avropa Oyunları keçirildi. Bunların hamısı turizm üçün
gözəl stimuldur.
- Belə çıxır ki, “Tur
A Vent” turoperatoru proqram və marşrutlarının tərtibatında
“hadisə təqvimini” də nəzərə alır?
- Əlbəttə, biz tədbirləri
ziyarət təyinatlı xüsusi paketlər hazırlayaraq
qonaqları şəhərlə tanış
edəcək ekskursiya proqramını da onlara daxil edirik.
Bakıda bu il artıq üçüncü dəfə
keçiriləcək Şopinq festival ilə əlaqədar
bizim oxşar paketimiz də var. Bütün bunları həmçinin
“Azərbaycanın qızıl üzüyü” və
“Böyük İpək Yolu” kimi daimi turizm
marşrutlarımıza da daxil etmək mümkündür.
- Bəs təcrübənizə
görə, Azərbaycanda turizmin hansı növü
rusiyalılar tərəfindən daha çox bəyənilən
sayıla bilər?
- Hər bir turistin öz fərdi
zövqü olur. Amma qonaqlarımızın təkcə
mövcud ümidləri doğrulmur. Müşahidələrimizə
görə, onların bir çoxu ölkəni təkrar ziyarət
etmək istəyir. Bu o deməkdir ki, onlar
birinci səyahət müddətində aldıqları
zövqdən doymur. Belə “təkrar” gələnlər
Rusiyadan turist axınının təxminən
yarısını təşkil edir. Bu mənada
həftəsonu turlar xüsusilə uğurludur. Onlara uçuş, 4-5 ulduzlu mehmanxanada qalma və
ekskursiyalar daxildir, qiymətləri isə 250 dollardan
başlayır. Vaxt çox məhduddur və
yalnız Bakı və ətraf ərazilərlə
tanışlığa imkan olur. Ekskursiya
aparıcıları və yerli sakinlər isə
qonağı şirnikdirirlər: “Bilirsiniz, bizdə hələ
neftlə müalicə də var. Xəbəriniz var ki, Şəkidə
olduqca dadlı halva hazırlayırlar”. Belə
halda əlac qalmır - bura qayıtmamaq olarmı?
Başqa sxem də var. Məsələn, yazda bizə gələn
turist görür ki, çimərliklər var, özü də
ki lap əla! Deməli, yay fəslində də bura mütləq
gəlmək lazımdır!
- Siz hotellərdən
danışdınız. Məlumdur ki, Azərbaycanda daha
çox dəbdəbəli möhtəşəm hotellər
tikilir...
- Elədir ki var. Lakin nisbətən
yaxın zamanda yaranan təmayül bizi sevindirir - respublikada
üçulduzlu hotellərlə hostellərin sayı
artır. Özü də bir qayda olaraq onlar
şəhərin mərkəzində açılır.
Təminatlı qrup turlarını biz
aşağıqiymətli hotellər əsasında
formalaşdırmağa çalışırıq. Lakin fərdi sorğu ilə istənilən başqa
hotellər əsasında da turlar mümkündür. Hər
il biz Azərbaycan sərhədini Rusiya tərəfdən
keçən turistlərin sayı (yəni adam girişdə
deyir ki, səyahətinin təyinatı məhz turizmdir) barədə
yekun məlumat alırıq. Belə ki, son üç il müddətində Rusiyadan turist
axını ilbəil 20-30% artır.
- Hansı növ reklamı siz daha
fəal tətbiq edirsiniz?
- Məsələn, keçən il bizim road-şoumuz çox uğurlu oldu. Azərbaycan regionlarının və hotel şəbəkələrinin
nümayəndələri Sankt-Peterburq, Kazan, Yekaterinburq və
Moskvada yerli turizm sənayesi nümayəndələri ilə
ünsiyyətdə oldu. Nəticəsi özünü,
demək olar ki, dərhal büruzə verdi.
Məlum oldu ki, turagentlər və operatorlar
bizim məlumatı öyrənməkdə çox
maraqlıdır. Road-şoumuzun təsiri
keçirildiyi yerlərdən gələn sifarişlər
baxımından faktiki olaraq hər gün duyulur. Bu il, fikrimcə, hətta bir neçə belə
tədbir təşkil edəcəyik.
- Siz müştərilərlə
birbaşa da işləyirsiniz, yoxsa sırf tərəfdaşlar
vasitəsilə?
- Müştəri “Tur A Vent”ə
birbaşa da müraciət edə bilər. Lakin
belə müştərilərin sayı cəmi 15-20% təşkil
edir, əsas turist axınını biz yenə də turagentlərdən
əldə edirik. Kazanda, Sankt-Peterburqda və əlbəttə
ki, Moskvada bizim çox gözəl tərəfdaşlarımız
var. Bizim marşrutlara əsas müştəri mənbələrindən
biri “1001 tur”, TBS turizm agentlikləri şəbəkəsidir. May ayına biz əlaqədar agentliklər
üçün Azərbaycan üzrə növbəti fam-tur
hazırlayırıq.
- Azərbaycanda hotel sahiblərinin
qiymət siyasətini çeviklik baxımından necə
xarakterizə edərdiniz?
- Müəyyən çətinliklər
hələ də qalır. Lakin yaxşıya
doğru təmayül də var. Yəqin bilməmiş
olmazsınız ki, əvvəllər Azərbaycan məzuniyyətçilərə
çox da istiqamətlənmirdi. O, əsasən
işgüzar turizm, MİCE tədbirləri üçün əlverişli
sayılırdı və bu gün də sayılmaqda davam
edir. Bu isə bir qədər fərqli qiymət
seqmentidir. Lakin hotel sahiblərinin ən
uzaqgörənləri bizneslərinin məhz turizm
bazarından qidalandığını nəzərə alaraq
yenidənqurmaya cəhd edir. Hotellər var
ki, bizə turoperator qismində xüsusi tariflər verir.
Onlar anlayır ki, biz vasitəçi turagentliklərlə
bölüşməliyik. Lakin ümumilikdə,
bəzən elə olur ki, qiymətlər həddindən
yüksək sayılır, xüsusilə də turistin
müqayisə edə bildiyi hallarda.
- “Buta Airways” loukoster
şirkətinin bazara qədəm basması faydalı oldumu?
- Biz turoperatorlar üçün
çətin ki ola. Loukoster
tariflərini paketlərimizə əlavə etməyə, təəssüf
ki, haqqımız yoxdur, onlar yalnız fərdi şəxslərə
hesablanıb. Təsisçi aviaşirkət olan “Azərbaycan
Hava Yolları”nın daxili siyasəti belədir.
Lakin bu, Azərbaycanı, şəksiz ki, fərdi
turistlər üçün daha cazibəli etdi. Odur ki, ölkəni turizm bazarında irəlilətmə
baxımından bu, doğrudan da, faydalı addım oldu.
- Vaxt keçdi və hazırda
Rusiya bazarına yenidən Türkiyə ilə Misir
qayıtmaqdadır. Sizin işə bu necə təsir edir?
- Bilmək istəyirsiniz ki,
Rusiyadan əhalinin Azərbaycanı unudub dərhal bu ölkələrə
üz tuta biləcəyindən qorxuruq, yoxsa yox? Xeyr, belə təmayül müşahidə olunmur.
Çünki Azərbaycanın artıq istiqamət
olaraq öz reputasiyası formalaşıb. Hətta deyərdim ki, bu gün Azərbaycan dəbdədir.
Ötən ilin ortalarından başlayaraq
sevindirici bir vektor əmələ gəlir - əvvəllər
populyarlıq zirvəsində olan Gürcüstan indi, necə
deyərlər, estafeti Azərbaycana ötürür. Dost yarışımızda bazarda əsas rəqibimiz
olan bu ölkəni biz yavaş-yavaş qabaqlayırıq.
Əlbəttə, biz mehriban qonşuyuq, lakin
eyni zamanda ölkələrimiz, onların ab-havası,
adamları və mətbəxləri çox fərqlidir.
Və etiraf etməliyik ki, hotel bazamız da qat-qat
üstündür, xidmətlər də Avropa səviyyəsinə
daha uyğun.
- Bəs “Tur A Vent” Rusiya
kurortları ilə rəqabət aparmırmı?
- Bu bir qədər başqa
müştəri kontingentidir. Krımla
Soçiyə elələri gedir ki, sırf dənizə əhəmiyyət
verir. İllərlə ora gedirlər.
Biz isə necə olsa, kompleks proqramlar təklif edirik:
ekskursiyalı, müalicəvi, bilgili və qastronomik proqramlar.
- Yeni mövsümdən nə
gözləyirsiniz?
- Əlbəttə
ki, turist axınında artım. Çimərlik
istiqamətini genişləndirmək arzusundayıq. Xəzər dənizi kifayət qədər
mülayimdir, suyu o qədər də şor deyil, girişləri
əydəmli, çimərlikləri isə qumlu. Buna görə qonaqlarımız onu çox bəyənir.
Artan tələbatı qane etmək
üçün məhz dənizkənarı hotellər
çatışmır. Çünki hətta
ötən illər Maldiv və Seyşel adalarında istirahət
edən olduqca imkanlı rusiyalılar Azərbaycan
kurortlarına müştəri gözü ilə baxmağa
başlayır.
Onların tələbkar
zövqünə cavab verən hotellər və kurortlar isə
dəniz kənarında hələ ki çox deyil. Ümid edirik ki, tezliklə onlar da yaranar, daha
münasib qiymət seqmentinə aid yerləşdirmə məkanları
da.
Tez bir zamanda Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
qonaqlarımızın rahatlığını təmin edəcək
elektron bələdçi - Azərbaycan üzrə mobil
yolgöstərənin buraxılışı
planlaşdırılıb. Onun strukturu və iş
mexanizmlərinin yaradılması üzrə artıq iş
gedir. Bu proqramda bütün diqqətəlayiq
yerlər, hotellər və restoranlar əks olunacaq. Onun köməyi ilə taksi çağırmaq,
hoteldə nömrə sifariş etmək, ya hər hansı
tarixi abidə haqda məlumat əldə etmək imkanı
olacaq.
- Biz hadisələrə aid proqrama
toxunmuşduq. Azərbaycanda, məsələn,
qastronomik festival keçirilməsi
planlaşdırılmır ki? Uğurlu
olardı.
- Bu qəbildən bir çox
kiçik regional festivallar var ki, turistlər arasında da
geniş rəğbətə malikdir. Amma həqiqi
miqyaslı qida və şərab festivalımız hələ
mövcud deyil. Bu, çox gözəl
ideyadır və biz bunu mütləq Mədəniyyət və
Turizm Nazirliyinə çatdırarıq. Amma
Moskvada Azərbaycan mətbəxi festivalını keçirmək
fikrimiz var - master-klasslar, kulinariya ənənələrimiz barədə
söhbətlər, dequstasiyalar keçirilməsi ilə.
Onun şəhərin mərkəzi
meydanlarından birində keçirilməsini istəyərdik.
Axı bunun özü belə çox gözəl
turizmi reklam formasıdır.
- Öz aləminizdə hər
hansı tərzdə “Tur A Vent”in turoperator və nümayəndəlik
kimi fəaliyyətində fərq
görürsünüzmü?
- Əsas etibarilə bunlar bir-birinə o qədər sıx qovuşur ki, bölünməz olur. Biz təzə fəaliyyətə başlayanda çoxlarını belə bir hal nəinki təəccübləndirir, hətta qıcıqlandırırdı: axı həm turoperator və nümayəndəlik eyni simada necə ola bilər. Bu gün isə açıq-aydın görünür ki, gündəlik turoperator işimiz də bir çox məqamlarında həmçinin irəliləməyə istiqamətlənir.
Biz elə unikal paketlər hazırlamalı idik ki, öncə heç kim nə yaratmış olsun, nə də ki, istiqamətə cüzi maraq olduğundan yaratmaq fikrinə düşsün. Biz isə bunu etdik. Biz faktiki olaraq Rusiya bazarında Azərbaycanın turizm imicini yaratmağa nail olmuşuq.
Müsahibəni rus dilində bu
linkdə oxumaq olar: http://travel.vesti.ru/article_37634
Mədəniyyət.-
2018.- 18 aprel.- S.10-11