Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti təqdir edilir

 

   Aprelin 16-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

   Görüş zamanı G.Əfəndiyeva nazirə qurum tərəfindən Türk dünyası tarixi-mədəni irsinin dünyaya tanıdılması istiqamətində həyata keçirilən layihələrdən bəhs edib, gələcək planlar barədə məlumat verib. O, həmçinin Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün binanın ayrıldığını və hazırda orada əsaslı təmir işlərinin aparıldığını qeyd edib.

   Mövlud Çavuşoğlu Fondun fəaliyyətini təqdir edərək Türkiyə hökumətinin Fonda dəstək olduğunu bildiribtürkdilli xalqların mədəni irsinin qorunması, təbliği ilə bağlı həyata keçirilən layihələri yüksək qiymətləndirib. O, Qlobal Bakı ForumuQoşulmama Hərəkatının Nazirlər Konfransı çərçivəsində Bakıya son iki səfərini xatırlayaraq Azərbaycanın qlobal çağırışlarla bağlı fikir mübadiləsi aparmaq üçün çox gözəl məkana çevrildiyini vurğulayıb.

   Görüşdə bu il keçirilməsi nəzərdə tutulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti zirvə toplantısında müzakirəsi gözlənilən bir sıra mühüm məsələlər, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sənədlərin imzalanması haqqında söhbət açılıb.

   * * *

   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva aprelin 13-də Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi ilə görüşüb.

   Macarların tarixən türkdilli xalqlarla bağlılığını, bir çox ortaq mədəni dəyərləri bölüşdüyünü bildirən G.Əfəndiyeva Macarıstanda xüsusilə türkologiyanın inkişafının əhəmiyyətindən söz açıb.

   Səfir V.Szederkenyi Fondun fəaliyyətini müsbət dəyərləndirərək gələcəkdə Macarıstanla birgə layihələrin keçirilməsinə dəstəyini ifadə edib. Diplomat ölkəsində türk mədəniyyəti və irsinin daha çox təbliğ edilməsinin vacibliyini vurğulayıb.

Mədəniyyət.- 2018.- 18 aprel.- S.12.