“Azərbaycan gecələri Azərbaycanın, milli davamızın səsi olurdu

 

   “Rəsulzadə milli davanın arxasında ömrünün sonunadək dayanan, ümidini heç vaxt itirməyən bir dövlət adamı idi

  

   Müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cümhuriyyətin bir əsrlik yubileyi, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti ili” soydaşlarımızın yaşadığı ölkələrdə də qeyd olunur. Cümhuriyyətin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə milli dövlətin süqutundan sonra Azərbaycan milli istiqlal hərəkatının rəhbəri kimi fəaliyyətini Türkiyədə davam etdirib. Onun təşəbbüsü ilə 1949-cu ilin fevralında Ankara şəhərində Azərbaycan Kültür Dərnəyi qurulub. Bu təşkilatın yaranması dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində çox mühüm addım olub. Rəsulzadənin Ankaradakı həyatı, Azərbaycan Kültür Dərnəyinin onun vəfatından sonrakı fəaliyyəti haqqında hazırda dərnəyə rəhbərlik edən Cəmil Ünalla həmsöhbət olduq.

  

   - Cəmil bəy, sovet işğalından sonra M.Ə.Rəsulzadənin mühacirət dövrü başlayır. O, öncə Finlandiya, sonra Qərbi Avropayaoradan Türkiyəyə gəlmişdi. Azərbaycan Kültür Dərnəyi mühacirətdə Azərbaycan adına yaradılan ilk qurum idi?

   - M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müxtəlif xarici ölkələrə mühacirətə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə hələ 1924-cü ildə İstanbulda Azərbaycan Milli Mərkəzini (AMM) qurmuşdu. Mərkəz Azərbaycan milli davasına xidmət edən demək olar ki, hər kəsi ətrafına toplamışdı. Amma onun rəsmi qeydiyyatı, daimi məkanı yox idi. Ona görə də Azərbaycanla bağlı konfranslar, toplantılar keçirən, özünün yeri, rəsmi qeydiyyatı olan təşkilata ehtiyac vardı və 1949-cu ildə Türkiyə qanunlarına uyğun şəkildə Azərbaycan Kültür Dərnəyi quruldu. Azərbaycan Milli Mərkəzi də bu günə qədər bizim dərnəyin tərkibindədir. Dərnəyin təşkilatçılığı ilə ilk toplantılar 1949-50-ci illərdə xalq evlərində keçirildi. Bundan sonra bir yayın orqanına ehtiyac duyulduğu üçün 1952-ci ildən etibarən dərnəyin dərgisi nəşrə başladı.

  

   - Dərnəyin ilk toplantılarında nələr önə çəkilmişdi, müzakirə edilmişdi? Rəsulzadənin vəfatından sonra dərnək fəaliyyətini necə davam etdirdi?

   - Azərbaycan Kültür Dərnəyi öz keçmişibu günü ilə Azərbaycan tarixində, istiqlal mübarizəmiz tarixində önəmli yeri olan bir qurum, milli ocaqdır. Dərnək əvvəla, mədəniyyət fəaliyyətləri ilə işə başlamışdı. Eyni zamanda Azərbaycan milli davasını, Cümhuriyyət tarixini tanıdan müxtəlif tədbirlər keçirilirdi. Rəsulzadənin vəfatından sonra da bu fəaliyyət davam etdi. Hər il 28 Mayı - milli bayramımızı qeyd edərdik. 27 apreldə isə Azərbaycanın istiqlalına son qoyan sovet işğalını lənətləmişik. Bu tədbirlər Ankarada əsasən iki böyük yerdə keçirilirdi. Onun biri Sihiyyedəki Ordu evi idi. O salonu hər kəsə verməzdilər, amma bizim dərnəyə hər zaman verilirdi. Digər məkan “Ankara Palasidi. Hələ 1920-ci illərdə xarici missiyaların olduğu tarixi bir binadır. O zaman Türkiyənin rəhbər şəxsləri, nazirlər, millət vəkilləri bizim tədbirlərdə iştirak edirdi.

   Azərbaycan gecələri bir növ Azərbaycanın, milli davamızın səsi olurdu. Proqramda Azərbaycanın bütün mədəniyyəti əks olunurdu: mahnılar, şeirlər, rəqslər, folklor nümunələri. Orda Azərbaycan davası yaşadılırdı. Hətta 1958-ci ildə keçirdiyimiz bir toplantıda Rusiya səfiri də iştirak etmişdi. Amma mənim nitqimdən sonra tədbiri tərk etdi. Çünki mən dedim ki, bizim gerçək vətənimizin sərhədləri Qarsda başlayıb Ədirnədə bitməz. Qafqazlardan, Altaylardan, Xəzərdən başlar... Hətta səfir bu sözlərimlə bağlı nota da vermişdi. (Bu arada Cəmil bəy həmin dövrə aid bir fotoşəkil göstərir). Bu şəkil 1958-ci ildə çəkilib. “Türk Ocaqları”nda Azərbaycanın İstiqlal gününü qeyd edirik. Çıxış edən də mənəm. O zaman mən də Azərbaycan Kültür Dərnəyinin üzvü idim. Ankarada qarslı tələbələrdən ibarət “Qars Yüksək Təhsil Tələbə Cəmiyyəti”ni qurduq. Lətif Akyüzüm onun başçısı idi. Onun qardaşlarının da dərnəkdə böyük əməyi olmuşdu. Cəmiyyət 500 tələbəni birləşdirirdi. Hamısı Azərbaycan davasına və Azərbaycan Kültür Dərnəyinin fəaliyyətlərinə sahib çıxanlar idi. Azərbaycan mədəniyyətinin Türkiyədə yaşadılmasında da bu cəmiyyət böyük fəaliyyət göstərmişdi. Bir düşünün, bundan 60 il əvvəl Qarsda “Məşədi İbaddaxil olmaqla, digər Azərbaycan tamaşaları səhnəyə qoyulurdu. Azərbaycanın milli rəqsləri ifa olunur, musiqilər səslənirdi. Məsələn, “Qubanın alması” “İqdırın alması” kimi ifa edilirdi. Bunun kimi yüzlərcə Azərbaycan mədəniyyəti, sənət nümunəsi yaşadılıb burda. Gələn il Azərbaycan Kültür Dərnəyi 70 yaşını qeyd edəcək. Türkiyədə 70 il mövcud olan belə qurumlar azdır. Bura Türk dünyasının önəmli bir ocağıdır.

  

   - Cəmil bəy, Rəsulzadəni şəxsən görən adamlardan birisiniz. Onu necə xatırlayırsınız?

   - Türklərin bir sözü var: adam kimi adam. Hər şeyini doğma vətənində qoyub gəlmişdi. Vətənsiz yaşamaq asan deyildi. Amma buna rəğmən duyğularını büruzə vermirdi. Hər zaman milli davanın arxasında dağ kimi dayanan, cəsarətini və ümidini heç vaxt itirməyən bir dövlət adamı idi. Bu baxımdan onu daha yaxşı tanımağımız lazımdır.

  

   - Ölümündən sonra şəxsi əşyalarının aqibəti necə oldu?

   - Onun çox əşyası yox idi ki. Azərbaycandan yalnız üçrəngli bayrağı gətirmişdi. Son nəfəsinə qədər Azərbaycan istiqlal mücadiləsi üçün əlindən gələni etdi. 1920-ci ildə qoynunda apardığı Azərbaycan bayrağını ömrü boyu qorudu. 1955-ci ildə dəfni zamanı tabutu üçrəngli Azərbaycan bayrağına bükülmüşdü. Bayraq onun vəfatından sonra da burada, dərnəkdə idi. 1992-ci ildə Ankarada Azərbaycanın səfirliyi açılanda həmin bayrağı Azərbaycan rəsmilərinə təqdim etdik.

  

   - Dərnəyin Rəsulzadədən sonrakı rəhbərləri ilə bağlı nə deyə bilərsiniz? Onlar necə qalıb yaddaşınızda?

   - Dərnəkdə olan dostların hamısı milli duyğulara sahib idilər. Dərnəyə rəhbərlik edənlər də milli davaya inanan, ona heç bir zaman xələl gətirməyən, bütün çətinliklərə rəğmən Azərbaycan milli davasını başlarının üzərində daşıyan insanlardı. Onların böyük əməyi var. Yoxsa bu qurum 70 ildən bəri ayaqda durmazdı. Onlar bu cəmiyyətin içində yetişən insanlardı. Azərbaycanın istiqlalı üçün böyük səylər göstərdilər. Amma təəssüf ki, onların çoxu Azərbaycanın bugünkü istiqlalını görə bilmədilər. Lakin onlardan bayrağı təhvil alan, onların davamçıları olan gənc dostlarımız bu şəxsiyyətlərin əvəzinə milli bayrağı, istiqlal bayramını gördülər. Bu da əlbəttə ki, önəmli tarixi bir hadisədir.

  

   - Qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü gəlir. Necə qeyd etməyə hazırlaşırsınız?

   - Bu, dünyada yaşayan bütün azərbaycanlıların bayramıdır, hamımız üçün tarixi bir gündür. Cümhuriyyətimizin 100 illiyi ilə bağlı tədbirlərimiz olacaq. Birgə tədbir keçirmək barədə Azərbaycanın Türkiyədəki səfirliyinə də müraciət etmişik. Fürsətdən istifadə edərək Azərbaycan xalqının qarşıdan gələn 28 May bayramını təbrik edirəm. Xalqımıza istiqlal yolunda neçə belə yüzillər diləyirəm.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2018.- 18 aprel.- S.13.