Aşıq sənətimizin təbliğində dəyərli mənbə

 

   Musiqişünas Əminə Eldarovanın kitabının yeni nəşri təqdim olunub

  

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tanınmış musiqişünas Əminə Eldarovanın “Azərbaycan aşıq sənəti” kitabının yeni nəşrinin təqdimatı olub. Kitab Azərbaycan, rusingilis dillərində çap edilib.   

   Universitetin rektoru, professor Fərəh Əliyeva kitabın yeni nəşrinin əhəmiyyətindən və Əminə Eldarovanın aşıq sənətinin öyrənilməsində xidmətlərindən danışıb.

   Kitabı ingilis dilinə tərcümə edən ABŞ-ın Karolina Universitetinin əməkdaşı, professor Anna Oldfield, ingilis dilində nəşrin redaktoru Səadət İbrahimova, Azərbaycan dilində nəşrin redaktoru, professor Kamilə Dadaşzadə, professor Fəttah Xalıqzadə, Xalq artisti Zamiq Əliyev və başqaları çıxış edərək Azərbaycan aşıq sənətinin öyrənilməsində əvəzsiz mənbə olan kitabın ingilis dilində nəşrini əlamətdar hadisə kimi dəyərləndiriblər.

   Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı kitabın aşıq sənətinin tədqiqi sahəsində çox sanballı əsər olduğunu qeyd edib. O, əsəri ingilis dilinə tərcümə edən Anna Oldfieldin Azərbaycan aşıq sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, A.Oldfield Azərbaycan Aşıqlar Birliyi ilə də müntəzəm olaraq əlaqə saxlayır.

   Anna Oldfield Azərbaycan mədəniyyəti ilə ilk tanışlığından, aşıq sənətinə marağından, bu sənətlə bağlı apardığı tədqiqat işlərindən və gələcək planlarından danışıb.

   Əminə Eldarovanın qızı Dilarə Əlizadə kitabın nəşrində zəhməti olan hər kəsə minnətdarlığını ifadə edib.

   Tədbirdə aşıqlar Əhliman Rəhimov, Nemət Qasımlı, Altay Məmmədli və Ramin Qarayev müxtəlif aşıq havalarını səsləndiriblər.

Mədəniyyət.- 2018.- 18 aprel.- S.15.