Holland mətbuatı Firəngiz Əlizadəni Rixard Vaqnerlə müqayisə edib

 

   Bəstəkarın “Nasimi Passion” əsəri Niderland Kral Orkestrinin təşəbbüsü ilə hazırlanan kompakt-diskə daxil edilib

  

   Hər il Niderland Kral Orkestrinin (Royal Concertgebouw Orchestra) təşəbbüsü ilə əvvəlki ilin daha uğurlu premyeralarının səsyazısı olan kompakt-disklər hazırlanır.  

   2018-ci ildə disklərin bu nüfuzlu seriyasına Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun Sülh artisti, professor Firəngiz Əlizadənin “Nasimi Passion” əsəri daxil edilib.

   Xatırladaq ki, bu əsər keçən ilin aprelində Amsterdamın məşhur “Concertgebouwkonsert salonunda iki dəfə səslənib. Kompakt-diskə yazılmış “Horizon 8” holland etiketindəki mətnin müəllifi, tanınmış musiqi tənqidçisi Floris Don Berlində və Cenevrədə keçirilmiş təqdimat mərasimlərində qeyd edib ki, Firəngiz Əlizadənin “Nasimi Passion” əsəri təkcə bəstəkarın deyil, həmçinin “Concertgebouwnun repertuar siyasətinin böyük nailiyyətidir: “Biz ilk dəfə İslam dünyası təmsilçisinin Qərb və Şərqin musiqi ənənələrinin təması ideyasını təcəssüm etdirən, mənaca və ifadə şəklinə görə əzəmətli yeni əsərinin nümunəvi çıxışının şahidi olduq”.

   De Volkskrant” qəzeti F.Əlizadənin yeni əsərinin premyerasından şövqlə bəhs edib. Albomda məqalədən sitata yer verilir: “Firəngiz Əlizadə musiqisinin təsir gücü, məna tərzi və özünəməxsus intonasiyası ilk notdan dinləyiciləri valeh edir. Bu əsərin müəllifinin Şərq və müsəlman ölkəsi olan Azərbaycanın qadın bəstəkar olması xüsusilə heyrətamizdir”.

   Resenziyada qeyd edilir ki, Firəngiz Əlizadənin musiqisi təsir gücünə görə Rixard Vaqnerlə müqayisə oluna bilər. Həmçinin əsərin dirijor Martin Brabbinsin rəhbərliyi altında simfonik orkestr, xor (rəhbər - Klaus Ştok), Əvəz Abdulla (bariton) tərəfindən mükəmməl ifası da diqqətə çatdırılır.

   Sonda Floris Don yazır: “Firəngiz Əlizadə təkcə unikal bəstəkarlıq dəst-xəttinə malik deyil, onun bu gün dünyaya söyləyəcəyi də var”.

   Əlavə edək ki, qoşma albomda İmadəddin Nəsiminin orijinal mətnləri, habelə onların holland, ingilisalman dillərinə tərcümələri yer alıb. Mütəxəssislər əmindirlər ki, F.Əlizadənin musiqisindən ibarət yeni kompakt-disk müasir klassik musiqisevərlərin kolleksiyasının bəzəyi olacaq.

 

Mədəniyyət.- 2018.- 20 aprel.- S.6.