Sərhədkeçmə və viza verilməsi prosedurlarının asanlaşdırılması

 

   İşçi qrupun növbəti iclası keçirilib

  

   Aprelin 18-də “Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi qrupun növbəti iclası keçirilib. İclasda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və digər qurumların nümayəndələri iştirak edib.

   İclasda “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 20 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn məsələlər, dövlət sərhədinin bütün buraxılış məntəqələrində “ASAN ödəniş” terminalları vasitəsilə “ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanının yaradılması istiqamətində görülən işlər barədə müzakirə aparılıb. Qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında may ayının ortalarından etibarən xarici turistlər “Asan Xidmət” pəncərəsinə yaxınlaşmaqla turist vizası ala biləcəklər.

   Həmçinin, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən sərhəd buraxılış məntəqələrində aparılan müşahidələrə dair hazırlanan hesabatda əks olunmuş rəy və təkliflər və bir sıra mühüm məsələlər müzakirəyə təqdim edilib, dövlət qurumlarının nümayəndələri tərəfindən müvafiq fikirlər səsləndirilib.

   Bu istiqamətdə işlərin davam etdirilməsi üçün işçi qrupun üzvləri arasında mütəmadi məlumat mübadiləsinin aparılması və digər məsələlərə dair qərarlar qəbul edilib.

 

Mədəniyyət.- 2018.- 20 aprel.- S.4.