Dastan gecələri” layihəsi başlanıb

 

   Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində AMEA-nın Folklor İnstitutu ilə birgə reallaşdırılan “Dastan gecələri” adlı yeni layihənin ilk tədbiri olub. Gecədə “Alı xan və Pəri xanım” dastanı tamaşaçılara təqdim edilib.

   Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsidir. Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

   Qeyd olunub ki, dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaqonu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir. Layihə çərçivəsində dekabrın 25-dək müasir aşıq sənətinin tanınmış nümayəndələrinin ifasında 7 dastan sənətsevərlərə təqdim olunacaq.

   Sonra aşıq Qələndər Zeynalovun ifasında “Alı xan və Pəri xanım” dastanı təqdim olunub. Aşığı balabanda Əməkdar mədəniyyət işçisi Sərdar Məmmədli müşayiət edib.

 

Mədəniyyət.- 2018.- 20 aprel.- S.5.