Türk dünyası irsinin birgə öyrənilməsi
və təbliği müzakirə olunub
Ankarada səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bir sıra görüşlər keçirib.
Günay Əfəndiyevanın aprelin 17-də Türkiyənin milli təhsil naziri İsmet Yılmaz ilə görüşündə qurumun fəaliyyətindən söz açılıb. Bildirilib ki, fondun üzv dövlətlərinin müvafiq nazirlikləri ilə əməkdaşlığı Türk dünyasına məxsus mədəniyyəti daha ətraflı şəkildə dünyaya tanıtmaq, gələcək nəsillərə ötürmək baxımından əhəmiyyət kəsb edir.
İ.Yılmaz fondun həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, Türkiyənin Milli Təhsil Nazirliyi və onun nəzdində olan aparıcı təhsil müəssisələri ilə birgə tədris proqramlarının hazırlanmasının vacibliyini vurğulayıb.
Görüşdə türkdilli xalqların tarixi köklərinə dair tədqiqatların inkişaf etdirilməsi və dünyaya tanıdılması, tədris müəssisələrində ortaq adət-ənənə, musiqi, tarix, ədəbiyyat, incəsənət, teatr, kinematoqrafiya üzrə konfrans və seminarların keçirilməsi mövzularında fikir mübadiləsi aparılıb.
* * *
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankarada UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuzla görüşüb. O, türkdilli xalqların tarixi-mədəni irsinin təşviq edilməsi istiqamətində fondun həyata keçirilən və gələcək layihələri barədə məlumat verib. Öz növbəsində Öcal Oğuz Milli Komissiyanın mədəniyyət sahəsində Türk dünyası ilə əlaqədar proqramlarından bəhs edib.
Söhbət zamanı beynəlxalq türk dili gününün qeyd edilməsi ilə bağlı irəli sürülən müxtəlif təkliflər dəyərləndirilib və bu günün UNESCO-ya təqdim olunması üzrə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
* * *
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəşlə görüşündə də iki qurumun fəaliyyəti barədə qarşılıqlı məlumat verilib, əməkdaşlıq barədə söhbət açılıb.
Tərəflər arasında müxtəlif sahələrdə bir sıra layihələrin, o cümlədən “Yeni İpək Yolu 4.0” layihəsinin icrası və gələcək perspektivləri müzakirə edilib.
Qeyd edək ki, aprelin 16-17-də Yunus Əmrə İnstitutunda “Yeni İpək Yolu 4.0” layihəsinin işçi qrupunun görüşü keçirilib. Layihə Türkiyə və İtaliyanın müvafiq qurumlarının, eyni zamanda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun iştirakını nəzərdə tutur.
İclasda Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq əlaqələr üzrə katibi Rüstəm Məmmədov çıxış edib. Toplantıda tərəflər arasında anlaşma memorandumunun imzalanması və əməkdaşlıq imkanları müzakirə olunub.
Mədəniyyət.- 2018.- 20
aprel.- S.5.