“Dəlixanada qətl” törədilibsə...

 

   Bəzən elə yerlərdə elə hadisələr baş verir ki, onlara tamam fərqli münasibət bəsləməyə məcbur olursan. Polis müfəttişi Rixard Foss da elə bu vəziyyətdədir: psixiatriya sanatoriyasında son üç ayda ikinci qətl hadisəsi (axşamadək qətllərin sayı üçə çatacaq) törədilib. Ölən də məlumdur, öldürən də. Amma di gəl ki, qanun ruhi xəstəni məsuliyyətə cəlb etməyə icazə vermir. Digər tərəfdən də, sanatoriyanın baş həkimi Matilda fon Tsand, baş tibb bacısı Marta Bol da israrla bu qətllərin bədbəxt hadisə kimi qəbul edilməsinin tərəfdarıdırlar. Çünki onları törədən xəstələrdir, həm də indiyədək heç kimə pisliyi keçməmiş, özünü Nyuton, Eynşteyn adlandıran ruhi xəstələrin, eləcə də Lohan Vilhelm Mebius adlı əsl fizikin onlara təhkim olunmuş tibb bacıları, yaxud xəstə baxıcılarından başqa kimsə ilə işi olmayıb, heç kimi incitməyiblər. Yəni belə bir humanist yanaşma-filan...

   Söhbət məşhur İsveçrə yazıçı-dramaturqu, alman dilində yazıb-yaratmış Fridrix Dürrenmattın “Fiziklər” komediyası əsasında hazırlanmış “Dəlixanada qətl” tamaşasından gedir. Ötən həftə ictimai baxışı keçirilmiş əsər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dilsuz Mustafayevin Azərbaycan dilinə çevirdiyi pyesin tamaşası ötən il dünyasını dəyişmiş dahi soydaşımız Lütfi Zadənin xatirəsinə həsr olunub.

   İctimai baxış üçün oynanılan tamaşada əməkdar artistlər Leyli Vəliyeva, Nofəl Vəliyev və Şövqi Hüseynov, aktyorlardan Kərəm Hadızadə, Elnur Hüseynov, İradə Rəşidova, Şəbnəm Hüseynova, Güşvər Şərifova, Məhərrəm Musayev və başqaları iştirak edirdilər. Tamaşanın premyerası mayın 26-na nəzərdə tutulduğundan “Dəlixanada qətl”i sırf quruluş, rejissor yozumuaktyor ifası baxımından bədii şuranın müzakirəsindən kənarda təhlil etmək istəməzdik. Çünki qarşıdakı bir ay tamaşadakı hər hansı kəm-kəsiri aradan qaldırmaq üçün az müddət deyil. Lakin bununla belə, əsər və tamaşa barədə müəyyən fikirlərimizi teatrsevər oxucularımızla bölüşməyə dəyər.

   Fridrix Dürrenmattın (1921-1990) nəsri Azərbaycanda elə də məşhur olmasa da, teatr rejissorlarımız onun pyeslərinə ara-sıra müraciət ediblər. Milli Dram Teatrında səhnələşdirilən “Böyük Romul” və “Yaşlı qadının gəlişi” buna misaldır.

   Dürrenmattın 1962-ci ildə yazdığı “Fiziklər” pyesi onu Almaniyada əsərləri ən çox oynanılan dramaturqa çevirib.

   Bəs əsər nə barədədir? Hadisələr bir günün içində “Albalı bağı” adlı özəl psixiatriya sanatoriyasında baş verir. Doktor Matilda fon Tsandın təsis etdiyi bu müalicə ocağının bütün pasiyentləri çoxdan yeni korpuslara köçürülüb. Köhnə villada təkcə üç pasiyent qalıb ki, onların üçüixtisasca fizikdir, üstəlik, üçü də kimsədə işi olmayan, fağır, sözəbaxan, mehriban psixopatdır (biz sonda biləcəyik ki, məhz bu üç pasiyent digər xəstələrdən ayrı salınaraq köhnə villada niyə saxlanılıb). Birinin adı Herbert Georq Beytlerdir, amma özünün Nyuton olduğunu (Nofəl Vəliyev) iddia edir, ikincisi Ernest Henrix Emestidir ki, o da özünü Eynşteyn kimi (Kərəm Hadızadə) qələmə verir, üçüncüsü və ən köhnə pasiyent isə özünə heç bir ad götürməyən Lohan Vilhelm Mebius adlı (Şövqi Hüseynov) fizikdir ki, o da öz elmi kəşflərinin gerçəkləşmə qorxusundan burdadır. Çünki Mebius əmindir ki, fərdin bütün bəşəriyyəti məhv edəcək riskə getməyə haqqı yoxdur.

   “Fiziklər” pyesində Dürrenmattın demək istədiyi də məhz budur! Dürrenmattın bu pyesi yazdığı dövrdən ötən yarım əsrdən artıq müddətdə elm-texnika o qədər inkişaf edib ki, artıq elmin dühası insanları xoşbəxt etmir, əksinə, ən uzaq məsafələrdən belə insanları məhv edəcək, ölkələri xaraba qoyacaq silahlar yaradır! Bəs niyə komediya? Düzdür, müəllifin qətl hadisəsinin araşdırılması ilə başlayıb bəşəriyyət üçün təhlükəli silahların hazırlandığı barədə xəbər ilə bitən mətnində mənalı gülüş, istehza doğura biləcək məqamlar kifayət qədərdir. Sadəcə, Dürrenmatt antik dövrdən bizə tərəf bütün böyük dramaturq sələfləri kimi belə hesab edirdi ki, komediya - müasir gerçəkliyin hələ də adekvat əks oluna bildiyi yeganə janrdır.

   O ki qaldı Gənc Tamaşaçılar Teatrının tamaşasına, quruluşçu rejissor müəllifdən gələn ana xətti saxlaya bilib. Düzdür, tamaşada bir qədər uyarsızlıq, aktyorların öz personajlarına münasibətində açılmayan qeyri-dəqiqliklər hiss olunurdu. Ümidvarıq ki, tamaşa geniş kütləyə təqdim edilənədək xırda nöqsanlar aradan qaldırılacaq.

  

   Əslində, hadisələr dəlixanada, yəni ciddi rejimli psixiatriya müalicəxanasında baş verməsə də, “Fiziklər”in “Dəlixanada qətl” adı ilə təqdim edilməsi də birmənalı deyil. Hər halda Gənc Tamaşaçılar Teatrının bu tamaşası Dürrenmatt dramaturgiyası ilə daha bir ünsiyyət şansı kimi də dəyərlidir. Bir zamanlar Fridrix Dürrenmattın öz yaradıcılığı barədə dediklərindən düzgün tutalğa ola bilməz: “Məlum məsələdir ki, mənim öz sənət nəzəriyyəm var... Eynilə uşaq özü öz başını qatan kimi. Amma mən öz nəzəriyyəmi içimdə saxlayıram, yoxsa, gərək özümona riayət edəm. Məni öz yaratdıqlarının formasını vecə almayan qəribə və ərköyün sadəlövh hesab etsələr, daha yaxşıdır”.

   

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2018.- 20 aprel.- S.7.