Sazdan, xalqın ruhundan gələn poeziya

 

   Tanınmış şair Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı keçirildi

  

   Aprelin 18-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair, publisist Məstan Günərin (1935-2010) Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunanSeçilmiş əsərləri”nin ikicildliyinin təqdimatı keçirildi.

   Tədbiri açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Dövlət mükafatı laureatı, milli poeziyamızın tanınmış simalarından olan M.Günərin həyat və yaradıcılığından danışdı. Bildirdi ki, şair qeyri-adiliklərlə, poetik axtarışlarla zəngin bir yaradıcılıq yolu keçib. Onun yaradıcı axtarışlarında milli mənəvi dəyərlərin ətri duyulur.

   Qeyd olundu ki, M.Günərin “Seçilmiş əsərləri”nin birinci cildi onun müxtəlif illərdə qələmə aldığı şeirpoemalardan, ikinci cildi isə müəllifin qoşmalarından ibarətdir. O, XX əsr poeziyamızda qoşma ustası kimi tanınıb. Onun qoşmaları sevən aşiqin könül çırpıntılarını əks etdirir. Poetik nümunələrdə Molla Pənah Vaqif şeirinə məxsus nikbinlik özünü çox aydın göstərir. Bu nəşrdə yer alan şeirlərdə məhəbbətin ülviliyi ilə yanaşı, iztirabları, könül ağrıları var. Şair bütün bunları sevginin müqəddəsliyindən doğan bəşəri və təbii bəlalar kimi xarakterizə edib. Müəllifin əksər şeirlərində xalqımızın adət-ənənələri, mərifət dünyası və əxlaqi görüşləri öz əksini tapıb.

   Məhərrəm Qasımlı M.Günərin həm də tanınmış uşaq şairi olduğunu, uşaq ədəbiyyatı sahəsində uğurlarına görə respublika Dövlət mükafatına layiq görüldüyünü diqqətə çatdırdı.

   Xalq şairi Nəriman Həsənzadə M.Günərlə bağlı xatirələrini bölüşdü. O, şairlə yaxın dostluq etdiyini bildirdi: “Məstan həm də gözəl saz çalırdı. Onun şeirləri sazdan, haqdan və xalqın ruhundan gəlirdi. Şairin əsərlərinin nəşrinə göstərdiyi köməyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm”.

   Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov bildirdi ki, M.Günər şeirlərini əsasən xalq ruhunda yazırdı. Bu da onun poeziyasının dəyərini artırırdı. M.Günər yaradıcılığındakı hər sözün etnoqrafik dəyəri var. Şair ictimai-siyasi məzmunlu şeirlər də qələmə alıb.

   Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov M.Günərin “Seçilmiş əsərləri” ikicildliyinin nəşrini dövlət tərəfindən ədəbiyyatımıza göstərilən diqqət və qayğı kimi dəyərləndirdi. O, Azərbaycan ədəbi irsinə töhfə olan bu ikicildliyin ölkəmizin kitabxanalarına paylanacağını dedi.

   Tədbirdə daha sonra professor Qəzənfər Paşayev, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, filologiya elmləri doktoru Vaqif Yusifli və başqaları çıxış edərək ikicildlikdə toplanmış şeir və poemaların bədii xüsusiyyətlərindən söz açdılar, şairlə bağlı xatirələrini dilə gətirdilər. Aktrisa Şəhla Əliqızı çıxışlar arası şairin şeirlərini oxudu.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 20 aprel.- S.8.