Xalça Muzeyində “İlmələnmiş zaman

 

   Aprelin 18-də Azərbaycan Xalça Muzeyində “Reinkarnasiya” layihəsi çərçivəsində “İlmələnmiş zaman” adlı sərgi açılıb.

   Muzeyin direktoru Şirin Məlikova layihə çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, 2015-ci ildə bir qrup rəssam tərəfindən yaradılmış “Reinkarnasiya” layihəsinin məqsədi ətraf aləmdə baş verən hadisələrə yaradıcı münasibət, fərdi yanaşma və fəlsəfi düşüncə tərzini nümayiş etdirməkdir.

   Vurğulanıb ki, sərgi Azərbaycan xalçalarına müasir baxış, xalça elementlərinin forma görüntüləri və ümumiyyətlə, xalçanın rəssam təxəyyülündə təsvirini nümayiş etdirmək məqsədi daşıyır.

   Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev sərginin əhəmiyyətindən danışıb, bu cür tədbirlərin vacibliyini qeyd edib. Sənətşünas ekspozisiyada əsərləri nümayiş edilən sənətkarları sərgi münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

   Sonra qonaqlar sərgi ilə tanış olublar.

   Aprelin 28-dək davam edəcək sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elşən Sərxanoğlu və Eldar Babazadənin əsərləri ziyarətçilərin ixtiyarına verilib.

 

Mədəniyyət.- 2018.- 20 aprel.- S.8.