“Gənc istedadlarla sənətin sirlərinə baş vururuq...”

 

   Professor Adilə Əliyevanın Mərkəzi İncəsənət Məktəbində ustad dərsi maraqla qarşılandı

  

   Dünya musiqisində baş verən mühüm yenilikləri gənc nəslə aşılamaq, onların bilik və təcrübələrini artırmaq üçün ustad dərslərinin əhəmiyyəti böyükdür. Mədəniyyət və Turizm Nazirliyi uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edir.

   Belə dərslərdən biri Fransada yaşayan həmyerlimiz, Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyeva tərəfindən aprelin 18-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində gerçəkləşdi.

   Görkəmli pianoçunun ustad dərsini biz də izlədik. Onu da qeyd edək ki, Adilə Əliyeva aprelin 16-dan 20-dək paytaxtın musiqi məktəblərində ustad dərsləri keçmək üçün ölkəmizə dəvət olunub.

   Sinif otağında ilk olaraq fortepiano arxasına Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdi Amin Məhərrəmzadə keçir. Gənc istedad üçün məşhur pianoçu ilə yanaşı ifa etmək böyük məsuliyyətdir. Bunu onun gözlərindəki həyəcandan da hiss etmək mümkündür. İ.S.Baxın “Prelüd - fuqa”sı ilə bir saata yaxın davam edən duet ifa zamanı mütəxəssis bu gün ifaçılıqda hansı şərtlərin vacibliyi, musiqini hiss etməyin yolları, pianonun ağ-qara dillərinə daha cəld, yoxsa bir az nəvazişlə yanaşmağın məqamları ilə bağlı fikirlərini bölüşür. Adilə xanımı zalda əyləşən valideynpedaqoqlar da diqqətlə dinləyirlər.

   Daha sonra Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Münəvvər Alıyeva, Humay Nəbiyeva və Nərgiz Əliyeva ustadın qarşısında ifa edirlər. Adilə xanım şagirdlərin ifa etdiyi əsərlərin tariximövzusu haqqında danışır. O, gənc ifaçılara bəstəkarın düşüncələri ilə baş-başa qalmağı və öz duyğularını bu düşüncəyə əlavə etməyi məsləhət görür. Bir sözlə, gənc istedadlar Adilə xanımdan təkcə ifaçılıqla bağlı ustad dərsi deyil, həm də həyata və sənətə baxış dərsi də alırlar desək, yanılmarıq.

   Fasilə zamanı Adilə xanımla söhbət etmək imkanı yarandı. Bakıya Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə gəldiyini deyən pianoçu dahi bəstəkar Qara Qarayevin adını daşıyan məktəbdə ustad dərsi keçməyindən məmnun olduğunu dilə gətirdi: “Azərbaycanda çox istedadlı uşaqlar var, onları musiqi dünyasında baş verən fərqli baxışlarla tanış etmək lazımdır. Ötən dəfə həm müəllimlər, həm də böyükyaşlı şagirdlər üçün ustad dərsləri keçmişdim. Bu gün yenidən gənc istedadlarla birlikdə sənətin sirlərinə baş vururuq. Müxtəlif məktəblərdə dərs keçmək imkanı yaradılıb və bu da təqdirəlayiqdir. Mənim üçün vaxtilə birgə işlədiyim, mənə dərs deyən müəllimlərin adını daşıyan məktəblərdə ustad dərsi keçmək böyük fəxrdir”.

   Fransa və İsveçrədə Adilə Əliyeva adına pianoçuların beynəlxalq festivalının keçirildiyini deyən həmsöhbətim bu il festivala 6-14 yaş arası ifaçılar qrupunun da daxil edildiyini bildirdi: “Bundan əlavə, festivalın proqramında 14-21 və 21-45 yaş qrupları da var. Gənclərimiz həmin festivalda iştirak etməyi çox arzulayırlar. Ümid edirəm ki, festivalda Azərbaycanı təmsil edəcək gənc nəslin potensialını göstərmək imkanımız olacaq. Onu da qeyd edim ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu festivala həmişə dəstək olub”.

   Mərkəzi İncəsənət Məktəbinin müəlliməsi Dilşad Kərimova ustad dərslərinin əhəmiyyətini yüksək qiymətləndirdi: “Bizdə traktovkalar eyni ola bilir. Amma Avropada ifaçılar daha da fərqli yanaşırlar. Buna görə də Adilə xanımın dərsləri fərqli fəlsəfəsi, özünəməxsus yanaşması ilə diqqəti çəkir”.

   Fikrimizcə, gələcəyin peşəkar musiqiçiləri olacaq gənclərin indidən bu prosesə qoşulmaları onların yaradıcılıq və ifaçılıq üfüqlərini daha da genişləndirəcək.

  

   Lalə

Mədəniyyət.- 2018.- 20 aprel.- S.10.