Meterlinkin “Korlar”ı
Lənkəran səhnəsində
Lənkəran Dövlət Dram Teatrında məşhur Belçika yazıçı-dramaturqu,
ədəbiyyat üzrə
Nobel mükafatçısı (1911) Moris Meterlinkin “Korlar” pyesi tamaşaya
hazırlanır. Pyesə teatrın
gənc rejissoru Emil Əsgərov (Bakuvi) quruluş verir.
Teatrın “Marionet korlar”
adı ilə təqdim etdiyi səhnə əsəri insan cəmiyyətində
baş verən deqradasiya, insanların fiziki korluqları ilə cəmiyyətin mənəvi korluğuna eyham vurur. 12 iştirakçısı olan pyesdə fərdiliyini itirmiş, yalnız xatirələrlə
keçmişdən nələrisə
xatırlayan personajlar
sanki marionet ömrü sürürlər.
Onların dünyası qaranlıqdır.
Bir-birini
yalnız səsindən
tanıyan bu zavallılar ayaq səslərini də ayırd edə bilmirlər. “Korlar” nə qədər melanxolik, bədbin ruhlu olsa da, insanın
ümidini heç vaxt itirməməsi barədədir.
Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim
Fərəcovdur. Əsərdə
Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sücəddin
Mirzəyev, aktyorlar Əbülfəz Axundov, Əlibala Əsgərov, Qızılgül Quliyeva,
Aynur Əhmədova, Emin Fərzullayev, Şahrud Mehdiyeva, Aysel Cahangirova, Günel Abbaszadə və Ülkər Quliyeva rol alıblar.
Xatırladaq ki, M.Meterlinkin
adı Azərbaycan teatr aləminə yaxşı tanışdır.
Hələ ötən əsrin
otuzuncu illərində
onun “Göy quş” pyesi Azərbaycan Dövlət
Dram Teatrının repertuarında
olmuş, uzun illər uğurla oynanılmışdı.
G.Mirməmməd
Mədəniyyət.- 2018.- 20 aprel.- S.10.