Qədim yaşayış məskənində
arxeoloji qazıntılar
Şabran rayonu ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntıların növbəti mərhələsinə başlanılıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov bildirib ki, ərazidəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə 5 minillik tarixə malik qazma evlər aşkarlanıb. Aygünlü kəndi ərazisində aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir.
Qazıntılar zamanı əksəriyyətində ox ucluqları olan çaxmaq daşından alətlər də aşkarlanıb. Bu da sübut edir ki, eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində burada yaşayan yerli əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olub.
Mədəniyyət.- 2018.- 20 aprel.- S.11.