Recepmurat Abdıyevin şərəfinə “Məhəbbət əfsanəsi”
Görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti ilk dəfə səhnələşdiriləndən bəri Sankt-Peterburqdakı Mariinsk teatrının repertuarından düşməyib. Baletin aprelin 5-də göstərilən tamaşası isə Türkmənistanın Əməkdar artisti, teatrın baletmeysteri Recepmurat Abdıyevin 70 illiyinə həsr olunmuşdu.
1971-1987-ci illərdə bu teatrın premyer artisti olmuş Recepmurat Abdıyev ifa etdiyi Albert, Ziqfrid, Dezire, Bəhram, Fariz, Layert, Antonii, Çoban, Konrad, Fərhad partiyaları ilə sənətsevərlərin böyük rəğbətini qazanmışdı.
O, 1947-ci ildə Aşqabad vilayətinin Kauşut kəndində anadan olub. Özü bir müsahibəsində demişkən, kənddə kimsə baletin nə olduğunu bilmirdi: “Dolanmaq çətin idi. Valideynlərim əlacsız qalıb mənimlə qardaşımı internata qoydular ki, heç olmasa, qarındolusu yeməyimiz olsun. Demə, internat da musiqi təmayüllü idi. Bir gün məktəbə müəllimlər gəldilər. Onlardan biri məni diqqətlə süzüb dedi ki, bala, gəl, bir fırlan. O hansı hərəkəti istədi, yerinə yetirdim. Demə, məni Daşkənd xoreoqrafiya məktəbinə seçiblər. Beləcə, 1957-ci ildəki bu görüş mənim taleyimi həll etdi. Uşaqlığı atlarla, itlərlə oynamaqla keçmiş kəndli uşağının qismətində böyük səhnələrdə çıxış etmək varmış”.
Təbiətin bəxş etdiyi istedada əlavə edilən gündəlik zəhmət, əzmkarlıq və dözümə həm də sənət sevgisi və özünü sənətdə təsdiqləmək həvəsi qatmağı balaca və yaraşıqlı Recepmuratı böyük səhnələrə aparır. Xoreoqrafiya məktəbini bitirib Aşqabada qayıdır, Məhtumqulu adına Opera və Balet Teatrında çalışır. Lakin Leninqradda staj keçəndən sonra taleyini Rusiya balet sənətinin vətəni ilə bağlayır. Eyni zamanda Leninqrad Dövlət Konservatoriyasında quruluşçu-baletmeyster ixtisası üzrə təhsil alır. 1987-ci ildə səhnə karyerasını bitirən R.Abdıyev Türkmənistana qayıdaraq doğma teatrda baş baletmeyster işləməyə başlayır. Nuri Xalməmmədovun «Yarımçıq mahnı» milli baletinə verdiyi quruluş o zamankı ittifaqa səs salır.
1990-cı ildə yenidən Rusiyaya - indiki A.Y.Vaqanova adına Rus Balet Akademiyasına pedaqoji fəaliyyətə qayıdır. Onun bir çox yetirmələri beynəlxalq müsabiqələrdə qalib gəliblər. Teatrın balet truppasında aparıcı kişi partiyalarını ifa edən soydaşımız Timur Əsgərov, Andrey Merkuryev kimi məşhur solistlər Recepmurat Abdıyevə “ata” deyə müraciət edir, ondan təkcə sənət sirlərini deyil, həm də həyat dərsi aldıqlarını bildirirlər.
Abdıyevin yubileyi münasibətilə Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin nümayişinin seçilməsi təsadüfi deyildi. Bir zamanlar teatrın ən gözəl və güclü Fərhadlarından sayılmış Recepmurat Abdıyevin yetirmələri - Timur Əsgərov, Andrey Yermakov bu tamaşada Fərhad partiyasını ifa etməklə öz ustadlarına ehtiramlarını bildiriblər.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2018.- 20 aprel.- S.13.