Görkəmli teatr xadimi Mehdi Məmmədovun 100 illik yubileyi qeyd olunacaq

 

 

   Prezident İlham Əliyev aprelin 23-də görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alimpedaqoq Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

   Sərəncamda qeyd olunur ki, 2018-ci ilin may ayında Azərbaycanın teatr ənənələrinin yeni nailiyyətlərlə daha da zənginləşdirilməsində diqqətəlayiq xidmətlər göstərmiş böyük sənətkar, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədovun anadan olmasının 100 illiyi tamam olur. Nadir istedada malik rejissor kimi Mehdi Məmmədov milli teatr səhnəsində Azərbaycan və dünya dramaturji irsinin dərin məzmunlu və rəngarəng janrlı nümunələrinə verdiyi mükəmməl quruluşlarla ölkə teatrı tarixinə parlaq səhifələr yazıb.

   Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Mehdi Məmmədovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.2.