Aprelin 30-u Beynəlxalq caz günüdür
UNESCO-nun baş direktoru bu münasibətlə
ictimaiyyətə müraciət edib
UNESCO-nun baş direktoru Odri Azuley 30 aprel - Beynəlxalq caz günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.
Müraciətdə UNESCO-nun bu il yeddinci dəfə Beynəlxalq caz gününü qeyd edəcəyi bildirilir. Diqqətə çatdırılır ki, bu günün qeyd olunması caz sənətinə və irsinə ehtiramın ifadəsi olmaqla yanaşı, həm də musiqinin insanları bir araya gətirmək gücünün tanınmasıdır. Caz öz başlanğıcını azadlıq uğrunda mübarizədən götürür. Bu musiqi müxtəlif ifa üslubunda saysız-hesabsız mədəniyyətlərə daxil olub, ifadə formalarına çevrilib.
Beynəlxalq caz günü UNESCO tərəfindən 2012-ci ildə təsis edilib. Əlamətdar gün bu il dünyanın 190-dək ölkəsində qeyd ediləcək. UNESCO-nun iştirakı ilə əsas tədbirlərə Sankt-Peterburq ev sahibliyi edəcək.
Beynəlxalq caz günü münasibətilə
Bakıda Beynəlxalq Muğam Mərkəzində
qala-konsert olacaq.
Konsertdə ABŞ-ın “Kennedy Administration” qrupu, əməkdar
artistlər Rain Sultanov
və İsfar Sarabski,
habelə Vadim Abramov,
Elnarə Həsənli, Ruslan Hüseynov, Elvin Bəşirov
və başqaları çıxış edəcəklər.
Mədəniyyət.- 2018.- 25 aprel.- S.5.