“Nəsimi poeziyası” qiraət müsabiqəsinin paytaxt üzrə seçim mərhələsi

 

   Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin 1 saylı filialında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar məktəblilər arasında keçirilən “Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin paytaxt üzrə seçim mərhələsi başa çatıb.

   Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan müsabiqənin birinci turu Bakı şəhəri və 15 regional idarə üzrə keçirilir.

   İdarədən bildirilib ki, məktəblilərin ifasında Nəsiminin doğma dilimizdə qələmə aldığı şeirləri səslənib. Münsiflərin qərarı ilə Suraxanı rayonu 84 nömrəli orta məktəbin 3-cü sinif şagirdi Sadiq Nəbili və Nizami rayonu 12 nömrəli məktəbin 4-cü sinif şagirdi İbrahim Əhmədov qalib seçiliblər. Onlar müsabiqənin may ayında keçiriləcək yekun mərhələsinə vəsiqə qazanıblar.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.4.