Avropa Şurası mədəni marşrutlarının təbliğatı:
ən yaxşı təcrübələr
Lüksemburqda keçirilən iclasda ölkəmizlə bağlı təqdimat
Lüksemburqda Avropa Şurası (AŞ) Mədəni marşrutlar üzrə Hissəvi Sazişin İdarə heyətinin iclası keçirilib. İki gün davam edən iclasda əvvəlcə Türkiyə və Vatikan İdarə heyətinin üzvlüyünə qəbul edilib.
Sonra hazırda mövcud olan Avropa Şurasının 32 mədəni marşrutundan 8-i üzrə növbəti sertifikatlaşmanı keçmək üçün hesabatlar təqdim olunub.
Tədbirin ikinci günü 2020-ci ildə keçiriləcək 10-cu Məşvərət forumuna Yunanıstanın ev sahibliyi edəcəyinə dair qərar qəbul olunub. Norveçli Marianna Berger İdarə heyətinə prezident seçilib.
“Avropa Şurasının mədəni marşrutlarının təbliğatı: ən yaxşı təcrübələr” adlı hissə ilə davam edən iclasda Mədəniyyət Nazirliyinin əməkdaşı Araz Bağırlı təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın bu sazişə ilk qoşulan ölkələrdən olduğu, həmçinin 2017-ci ildə Bakıda keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəni marşrutlar mədəniyyətlərarası dialoq şəbəkəsi kimi" adlı panelin təşkil edildiyi qeyd olunub. Bildirilib ki, BMT Baş Assambleyası ötən ilin dekabr ayında mövzu üzrə qəbul etdiyi müvafiq qətnaməsində Dünya Mədəniyyətlərarası Dialoq Forumuna xüsusi bölmə həsr edib və onu mədəniyyətlərarası dialoq üzrə əsas qlobal platforma adlandırıb. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Mədəniyyət.- 2018.- 25 aprel.- S.4.