Bədii təhsil sahəsində beynəlxalq əməkdaşlıq

 

   Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında müqavilə imzalanıb

  

   Xəbər verdiyimiz kimi, Sankt-Peterburq Musiqi Liseyinin beynəlxalq müsabiqələr laureatları və müəllimlərindən ibarət nümayəndə heyəti Bakıya səfər edib. Qonaqların iştirakı ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində, L. və M.Rostropoviçlər adına 21 saylı Uşaq musiqi məktəbində görüşustad dərsləri keçirilib.

   Aprelin 21-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Sankt-Peterburq Musiqi Liseyinin müəllim və şagirdlərinin konserti olub. Konsertdən sonra Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

   Sankt-Peterburq Musiqi Liseyi 1995-ci ildə şəhərdəki 12 nömrəli musiqi məktəbinin bazasında yaradılıb. Tədrisin strukturuna görə uzun müddət bu liseyin Rusiyada analoqu olmayıb. Burada uşaqlara musiqi savadının, musiqi mədəniyyətinin əsaslarının öyrədilməsi və onların yaradıcılığının inkişaf etdirilməsi məktəbəqədər bölmədə 3 yaşından başlayır. Uşaqlar 5 yaşında müxtəlif musiqi alətlərində çalmağa başlayırlar. Bu zaman onların fərdi qabiliyyətləri nəzərə alınır.

   Liseyin şagirdləri Sankt-Peterburqun konsert məkanlarında konsert praktikasına yiyələnirlər. Hər il liseyin musiqi kollektivləri və ən yaxşı şagirdləri konsert praktikası keçmək üçün Avropa ölkələrinə yollanırlar, bu ölkələrdə konsert verirlər. Şagirdlərin çoxu Rusiya və beynəlxalq miqyaslı müsabiqələrin laureatlarıdır.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.5.