Şifahi ənənəli Azərbaycan musiqisinin
tədqiqi
Bakı Musiqi Akademiyası elmi laboratoriyasının
25 yaşı tamam olur
Aprelin 20-də
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli
Azərbaycan musiqisi və onun yeni
istiqamətlərinin tədqiqi”
elmi laboratoriyasının
25 illiyinə həsr olunmuş konfrans keçirilib.
Akademiyanın rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış
edərək laboratoriya
əməkdaşlarının 25 il ərzində
gördüyü işləri
yüksək qiymətləndirib.
Bildirib ki, laboratoriyada musiqişünaslıq, etnomusiqişünaslıq,
sənətşünaslıq, musiqi fəlsəfəsi, musiqi tarixi, kulturologiya kimi tədqiqat istiqamətləri
formalaşıb. Burada çalışan
işçilərin tədqiqatları
çoxsaylı məqalələr,
monoqrafiyalar, dərs vəsaitlərində öz
əksini tapıb və bütün bunlar təhsilin elmi bazasının inkişafına xidmət edib. Elmi laboratoriyanın əməkdaşlarının
fəal iştirakı
ilə bir sıra elmi-praktik konfranslar təşkil edilib, şifahi ənənəli musiqinin tarixi və nəzəri məsələləri,
Azərbaycan bəstəkarlarının
yubileylərinə həsr
olunmuş elmi məqalələrdən ibarət
toplular oxucuların ixtiyarına verilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə rəhbərlik etdiyi laboratoriyanın fəaliyyəti barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, laboratoriyanın 25 illik fəaliyyəti münasibətilə “Müasir musiqişünaslığın aktual məsələləri: elmi məqalələr və materiallar” toplusunun birinci buraxılışı nəşr olunub. Topluya laboratoriya əməkdaşlarının son illər yerinə yetirdikləri maraqlı elmi işlər daxil edilib.
Konfrans məruzələrin dinlənilməsi
ilə davam edib.
Mədəniyyət.- 2018.- 25 aprel.- S.6.