“Spellbound”
heyrətləndirən deməkmiş...
Paytaxtımızda klassik musiqini sevən və dünyanın sənət aləmində nələrin baş verdiyindən xəbər tutmaq istəyənlərin neçə vaxtdan bəri davam edən intizarına son qoyuldu. Böyük italyan bəstəkarı Coakkino Rossininin vəfatının 150 illiyi ilə əlaqədar Bakıda İtaliya opera günlərinə start verildi.
İtaliyanın ölkəmizdəki səfirliyinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə birlikdə təşkil etdiyi opera günlərinin ilk tədbiri aprelin 21-də Apennin yarımadasından təşrif buyuran “Spellbound” müasir balet qrupunun çıxışı oldu.
İngilis dilindən hərfi tərcüməsi auditoriyanı məftun (heyran) etmək, ovsunlamaq olan “Spellbound” balet qrupu 22 ildir ki, yaranıb. İlk dəfə Azərbaycan paytaxtında çıxış edən kollektiv konserti “Spellbound ilə bir axşam” adlandırmışdı.
“Spellbound Dance Company” dünyaca məşhur, zəmanəmizin ən yaxşı italyan xoreoqraflarından biri olan Mauro Astolfinin yaratdığı müasir rəqs qrupudur. Avropa və ABŞ-da təhsil almış Astolfi müxtəlif rəqs məktəblərinin təcrübəsindən bəhrələnərək xoreoqrafiya sənətində öz fərdi üslubunu yaratmağa müvəffəq olub. Mauro Astolfinin yaradıcılığı təkcə “Spellbound” ilə məhdudlaşmır. O, uzun illərdir ki, ayrı-ayrı ölkələrdə rəqslər qurur, Tokio, Paris, Nyu-York, Sürix, Stokholm, Amsterdam, Los-Anceles kimi böyük şəhərlərdəki, eləcə də İtaliyadakı bir çox xoreoqrafiya mərkəzlərində dərs deyir. 2009-cu ildən isə Romada ifaçılıq və rəqs janrları artistləri üçün beynəlxalq layihənin müasir rəqs fakültəsinə rəhbərlik edir.
Bəs biz “Spellbound ilə bir axşam”da nələri gördük?
Qonaqlarımız lakonik bir proqram hazırlamışdılar. Etiraf edək ki, “Rossini Ouvertures” (C.Rossininin operalarına uvertüralardan yığılmış popurri əsasında) rəqs proqramında bəstəkarların adları Azərbaycan musiqisevərinə o qədər də tanış deyildi. Musiqi nömrələrinə gəlincə, “Man made” (“İnsan etdi və yaxud yaratdı”), “Small Crime” (“Kiçik cinayət”), “Controfase”, “The Hesitation” (“Salamlama”) və “Formami” rəqslərinin ideya baxımından bir ortaq məxrəci var idi: insanın digər insan üzərindəki hakimiyyətini göstərmək, ətrafındakıları öz təsirinə salmaq, özündən asılı saxlamaq istəyi!
O qədər də böyük olmayan kollektivlə çıxış edən “Spellbound”un rəqqaslarını izlədikcə aydın olurdu ki, səhnədə çıxış edənlər təkcə mükəmməl plastikaya yiyələnmiş balet artistləri deyillər. Onlar həm də gözəl və istedadlı, vücud dilini mənimsəmiş pantomim teatr aktyorlarıdır. Əslində, klassik balet sənətinin özündə bir mimlik var. Lakin “Spellbound”un təqdim etdiyi nömrələrdə quruluşçu xoreoqrafdan gələn hərəkətlərin kəsilməzliyi, bədən cizgilərinin bir-birinə musiqidən, yaxud yozumdan asılı olaraq sərt və ya yumşaq ardıcıllığı, üstəlik, bir neçə rəqqasın yarıqaranlıq, boş səhnəni öz ifası ilə doldurması diqqəti daha çox çəkdi.
Ola bilsin ki, həmin axşam klassik balet sənəti nümunələri görmək istəyən, yaxud daha asan qavranılan rəqs nömrələrinə tamaşa edəcəyini düşünərək teatra gələnlər bir qədər çaşqınlıq keçirdilər. Çünki “Spellbound” Azərbaycan tamaşaçısına fərqli duyğular yaşatdı. Amma “Spellbound” öz adını doğrultdu. Azərbaycan tamaşaçısını, balet və ümumiyyətlə, rəqs sənəti heyranlarını ən azından alışmadığımız performans sərgiləməklə heyrətləndirə bildi.
Onu da qeyd edək ki, müasir balet axşamı ilə başlayan İtaliya opera günləri mayın 3-də Opera və Balet Teatrında “Cara İtalia, alfin ti miro” sərgisi və C.Puççininin “Madam Batterflyay” operası, mayın 4-də orqan musiqisindən ibarət konsert (Kamera və orqan musiqisi zalında) ilə davam edəcək və mayın 6-da isə C.Rossininin “Sevilya bərbəri” məzəli operasının tamaşası ilə başa çatacaq.
G.Mirməmməd
Mədəniyyət.- 2018.- 25 aprel.- S.7.