“Kitab tutan balaca əllər”
Layihə çərçivəsində məktəblilərə
kitab bağlamaları hədiyyə edilib
Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkənin görkəmli şəxsiyyətlərinin gələcək nəsillərə tanıdılması məqsədilə “Kitab tutan balaca əllər” layihəsi həyata keçirilib.
Layihə aprelin 23-də Türkiyə Respublikası Baş Nazirliyi yanında Türk İnkişaf və Əməkdaşlıq Agentliyi (TİKA), Gəncliyə Yardım Fondu və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində Dövlət Mahnı Teatrında reallaşıb. Türkiyənin rəsmi bayramı, 23 aprel - Milli suverenlik və uşaq gününə təsadüf edən tədbirdə əvvəlcə iki qardaş ölkənin himnləri səsləndirilib.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək uşaqlarımıza əsas insani dəyərlərlə birlikdə milli və mənəvi dəyərlərimizin də öyrədilməsinin əsas vəzifələrdən biri olduğunu söyləyib. Bildirib ki, Azərbaycan və Türkiyə köklü tarixə və zəngin mədəni mirasa sahibdir. Qardaş dövlətlər arasında mədəni əlaqələrin inkişafı isə ortaq dəyərlərimizin yenidən gündəmə gətirilməsi ilə mümkündür.
Qeyd olunub
ki, Respublika Uşaq Kitabxanası neçə illərdir ki, beynəlxalq layihələrin təşəbbüskarı
kimi də çıxış edir. 2009-cu ildə Azərbaycanda “Uşaq ili” ilə əlaqədar
20-dən çox səfirliyin qatıldığı
“Dünya uşaq ədəbiyyatı
inciləri” beynəlxalq sərgisi, 2014-cü ildə
keçirilən “Dünyanın mədəniyyət rəngləri”,
2015-ci ildə Türk uşaq
ədəbiyyatı həftəsi kimi
layihələr bu qəbildəndir. “Kitab tutan balaca
əllər” də bu sırada daha bir tədbirdir.
Türkiyənin
Azərbaycandakı səfiri
Erkan Özoral,
TİKA-nın ölkəmizdəki
koordinatoru Adəm
Urfa, Türkiyədən dəvət
olunmuş yazarlar
Mustafa Tatçı, Veysel
Akkaya və başqaları tədbirdə
iştirakdan böyük
fərəh hissi keçirdiklərini bildiriblər.
Natiqlər ortaq mədəniyyətimizin
tarixi şəxsiyyətlərinin
gələcək nəsillərə,
xüsusilə də gələcəyimizin təminatçısı
olan uşaqlarımıza
tanıdılmasının böyük əhəmiyyət
kəsb etdiyini söyləyiblər.
Qeyd olunub ki, “Kitab tutan balaca
əllər” layihəsi
çərçivəsində türk uşaq yazarlarının kitabları
Azərbaycan dilinə
çevrilərək çap
olunub və bütün uşaqlara hədiyyə (9 kitab) olunacaq.
Layihə çərçivəsində
Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki
4 nömrəli orta məktəbin şagirdlərinin
ifasında konsert proqramı və ədəbi-bədii kompozisiya
təqdim olunub.
Tədbirin sonunda
Türkiyənin tanınmış uşaq
ədəbiyyatı yazarlarının Azərbaycan türkcəsinə
çevrilmiş nəfis tərtibatlı
kitablarından ibarət 200-dən çox
kitab bağlaması uşaqlara
paylanılıb. Məktəblilərə Hayati Bicenin “Yəsəvi atadan hekayələr”, Firdevs
Kapusızoğlunun “Çitləmbikin macəraları”, Veysel Akkayanın “Mövlana
Cəlaləddin Rumi”, Əyyub Sultan, Əziz Mahmud Hüdayi, Mustafa
Tatçının “Azərbaycan müdrikləri” və başqa kitablar hədiyyə
edilib.
Mədəniyyət.- 2018.- 25 aprel.- S.9.