Ölkəmiz Moldovada uşaq kitab sərgisində təmsil olunub

 

   Moldovanın paytaxtı Kişineuda XXII Beynəlxalq Uşaq Kitabı Sərgisi keçirilib.

   Tədbirdə ölkəmizi F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşovauşaq yazarı Sevinc Nuruqızı təmsil ediblər. Onlar 40 adda Azərbaycan uşaq ədəbiyyatı nümunələri ilə sərgiyə qatılıblar.

   Səfər çərçivəsində nümayəndə heyəti “Orizonttürk liseyində olub. Sevinc Nuruqızı məktəblilərə öz kitabları haqqında ətraflı məlumat verib. Kitabxananın yazıçı haqqında hazırladığı slayd izlənilib. Şəhla Qəmbərova Respublika Uşaq Kitabxanasının son illərdə Moldova Milli Uşaq Kitabxanası ilə əlaqələrindən, keçirilən layihələrdən söhbət açıb.

   Görüş yazıçının uşaqlara verdiyi imzalı kitabların təqdimatı və xatirə şəkillərinin çəkilişi ilə başa çatıb.

   XXII Beynəlxalq Uşaq Kitabı Sərgisi çərçivəsində İ.Kryange adına Milli Uşaq Kitabxanasında beynəlxalq forum keçirilib. “Uşaqların mütaliəsində kitabxanaçı və yazıçıların dəstəyi” mövzulu forumda iştirak edən kitabxana mütəxəssislərinin çıxışları dinlənilib.

   F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova “Uşaq kitabxanalarının bu günü və gələcəyi necə olmalıdır” mövzusunda məruzə ilə çıxış edib.

 

Mədəniyyət.- 2018.- 25 aprel.- S.9.