Qaradağ rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və
perspektivlər
Bu gün cənubdan Bakıya gələrkən hər kəsi ilk qarşılayan, ərazisinə görə paytaxtımızın ən böyük, əhalisinin sayına görə isə ən kiçik rayonu barədə söhbət açacağıq. Üstəlik, Qaradağ qədim Bakının 11 rayonu arasında iqtisadi-sosial baxımdan ən perspektivli inzibati-ərazi sahəsi sayılır. Elə bizim araşdırmamızın məqsədi də gələcəyə baxışdır.
Qara böyük deməkdir...
Qədim türk toponimikasında “qara” sözü təkcə rəng bildirməyib, həm də böyük deməkdir. Bu böyüklük ərazi, məsafə anlamı daşıyır. Tarixin qədim qatlarına getmədən, sözlərin etimologiyasına varmadan Qaradağ rayonunun dünəni, bu günü və sabahı barədə danışırıq. Həmsöhbətimiz 15 yaşından Lökbatanda yaşayan, rayonun son altmış ildəki inkişafının şahidi və iştirakçısı olmuş Zahid İbrahimovdur. 1960-cı ildə Neft Texnikumunu bitirəndən istehsalatda çalışıb. Sonralar o vaxtkı Xalq Təsərrüfatı İnstitutunu, Bakı Ali Partiya Məktəbini bitirib. Uzun illər müxtəlif sahələrdə, vəzifələrdə işləyib. Ömrünün səksəninci baharını yaşayan Zahid müəllim bəzi yaşıdları kimi xatirələrlə yaşamır, yenə də qaynar həyatın içindədir: rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədr müavini, rayon Ağsaqqallar şurasının üzvüdür. İçində Vətən sevgisi, yurd təəssübkeşliyi daşıyan, Qaradağ rayonunun, doğma Lökbatan qəsəbəsinin qayğıları ilə yaşayan, onun abadlaşmasına, gənclərin uğurlarına sevinən Zahid müəllimlə Qaradağın dünənini xatırlayıb, bu günündən söz açıb, sabahı ilə bağlı arzularımızı bölüşürük.
Dünənki Qaradağ
Zahid müəllimin tanıtmaq istədiyi, canı ilə bağlı olduğu kiçik vətənə sevgisi tarixə bələdlikdən başlayır, vicdanlı xidmətədək uzanır.
- Qaradağ rayonunun yaranma tarixi ötən əsrin 20-ci illərinə gedib çıxır. Puta-Şubanı neft mədəni tapılmasaydı, bəlkə bu yerlərin taleyi başqa cür gətirəcəkdi. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya təşkilatının konfransı keçirilib, rayonun təməli qoyulub. Ad seçmək istəyəndə də çox fikirləşməyiblər. Elə buradan pəncərədən cənub tərəfə baxanda görünən, həm də Zaqafqaziyanın ilk dəmiryolu stansiyalarından birinin adını veriblər - Qaradağ. Bizim rayonun ərazisi palçıq vulkanları ilə zəngindir. Elə orada da aradabir vulkan alov püskürür. Alovun tüstüsündən Şubanı dağının ətəyi də qara rəngdə görünür... Rayonun mərkəzi qəsəbəsi sayılan, bugünkü abad, yaşıllığa qərq olmuş Lökbatan isə bataqlıq yer olub... Xocəsənlə Səngəçal arasındakı karvan yolu buradan keçirmiş. Bəzən dəvələr də palçığa batdığından bu yerə Lökbatan, yəni dəvə batan yer deyiblər. 1933-cü ildə 45 saylı buruqda neft fontan vurur. Beləcə, neftin çıxması Lökbatanı dirçəltməyə, adamları bura cəlb etməyə başlayır. Elə buruğun ətrafında, yaxınlığında qamış tipli üçmərtəbə evlər tikilməyə başlayır. Lökbatanın ilk sakinləri neftçi ailələri olub.
* * *
Lökbatana ilk dəfə gələn diqqətli müsafir qəsəbənin tikinti-memarlıq üslubuna diqqət yetirəndə maraqlı bir cəhətlə rastlaşır. Qəsəbə planlı şəkildə, davamlı inkişaf edən neft sektorunun sayəsində yaranıb inkişaf etsə də, qəsəbənin görünüşündə qəribə tendensiya var. Zahid müəllimin adını çəkdiyi ilk “kamışovıy” (qamış tipli) binalar inşa edildikdən sonra sanki, təxminən 20-25 il ərzində qəsəbədə tikinti aparılmayıb. Böyük Vətən müharibəsi dövründəki tikinti durğunluğu mərhələsi keçəndən sonra da burada o dövrün “stalinka” adlandırılan qalın daş divarlı, mənzillərinin tavanı hündür beşmərtəbəli bina tikilməyib. Yalnız 1950-ci illərin ikinci yarısından tikilməyə başlamış, o zamankı Ümumittifaq şəhərsalma planına görə, 50 illik istismar xidmətinə yararlı olacaq “xruşşovka” tipli beşmərtəbələr tək-tük gözə dəyir. Qəsəbənin görkəmindən hiss olunur ki, burada ikinci tikinti bumu yaşanmaqdadır. 70-ci illərə xas doqquzmərtəbəlilərin böyründə müasir göydələnlər boy verir. Bəs ötən əsrin 40-50-ci illərində, sovet sənaye sisteminin milli respublikaları xammaldan ötrü amansızcasına istismar etdiyi illərdə qəsəbənin həyatı niyə ləng davam edib? Zahid müəllimin bu suala da cavabı var:
- Uzun illər hesab edirdilər ki, bir tərəfi palçıq vulkanı, o biri tərəfi isə bataqlıq olan Lökbatanda hündür bina tikmək olmaz. Amma Qurban Abbasov (adına mahnı qoşulmuş məşhur neftçi Qurban) trest rəisi olanda kəşfiyyat işləri apartdırdı və məlum oldu ki, tikinti qaydalarına düzgün əməl edilsə, Lökbatanda çoxmərtəbəli binalar tikmək olar. Onun təşəbbüsü ilə Lökbatan və Sahil qəsəbələrinin hərəsində üç dənə ilk beşmərtəbə bina tikildi. 288 nömrəli məktəbin binası da elə onun təşəbbüsü ilə, Qaradağ rayonunun dövlətə verdiyi neft pullarının hesabına inşa edildi. Hətta bu rayondakı ilk doqquzmərtəbəli binaların tikilməsinin də təşəbbüsçüsü neftçi Qurban olub. Onun təkidi, inadkarlığı sayəsində Lökbatan abadlaşdı, köhnə, kələ-kötür yaşayış məskəninin şərq tərəfində müasir, yaxşı kommunal şəraitli qəsəbə salındı...
Zahid müəllim ilk gənclik illərinin xatirələrini bölüşəndə anlayırsan ki, vaxtilə sosial-məişət şəraiti baxımından Qaradağ Bakının rayonlarının içində ən geridə qalmış rayonu, əhalisi də şəhərli anlayışına daxil olan üstünlüklərdən hamıdan çox məhrum olub. Zahid müəllim hələ 1960-62-ci illərdə mədən işçilərinin evdən-işə, işdən-evə “QAZ-51” yük maşınlarının banında quraşdırılan budkalarda (köşk) gedib-gəldiyini, mədənlərə gərək olan avadanlığın isə at arabalarında daşındığını xatırlayır. Bitkiçilik və ekoloji cəhətdən o qədər də zəngin olmayan böyük rayon ərazisinin tükənən təbii sərvətinin - neftinin, daşının çıxarılıb daşındığı, daha sonralar isə iri sənaye komplekslərinin salındığı rayonun zəhmətkeş əhalisinin paytaxtın mərkəzi rayonlarında məskunlaşanlardan xeyli fərqli güzəran sürməsi bir vətəndaş olaraq insanı mütəəssir edir.
Bugünkü Qaradağ...
Doxsanıncı illərdə baş verən məlum hadisələr - Qarabağ müharibəsi, ittifaqın dağılması, Bakıya minlərlə qaçqın və köçkünün gəlməsi Qaradağ rayonunun da taleyinə təsirsiz ötüşmədi. Təkcə bu faktı demək kifayətdir ki, infrastruktur cəhətdən axsayan Qaradağ rayonu o illərdə 10 min məcburi köçkünə qucaq açdı. Zahid müəllimin yaxın dövr xatirələrində Qaradağ rayonu ikinci nəfəsi açılmış idmançını xatırladır. Müstəqilliyin ilk illərinin labüd çətinliklərini adlayan rayon bütün Azərbaycan cəmiyyətində, iqtisadiyyatında hiss olunan inkişaf yoluna qədəm qoyub.
- Hörmətli Prezidentimiz İlham Əliyev 1995-ci ildə Milli Məclisə bizim rayondan deputat seçildi. O vaxt deputatlığa namizəd ilə görüşdən əvvəl ağsaqqallar, yerli sakinlər ilə görüşüb öz aramızda gələcək millət vəkilindən Lökbatan üçün nə istəyəcəyimizi müəyyən etdik. Qərara aldıq ki, üç işdə bizə kömək göstərməyi xahiş edək. Nə gizlədim, əslində, biz həmin istəklərimizi dəfələrlə Mərkəzi Komitəyə, Ali Sovetə seçdiyimiz deputatlara da demişdik, amma həyata keçməmişdi.
Uzun illər Lökbatanın girişindəki dəmir yolu keçidi təhlükə mənbəyi olub. Ya şlaqbaum vaxtında bağlanmadığından, ya avtomobil sürücülərinin səhlənkarlığından, ya da piyadaların səbirsizliyindən ara-sıra ağır qəzalar baş verirdi. Keçidin üzərindən körpünün salınması dəmir yolunun və avtomobil nəqliyyatının hərəkətini asanlaşdırardı. Bir də otuzuncu illərdə tikilmiş qamış evlərin sökülüb müasir binalarla əvəz edilməsini və qəsəbədə qəzalı vəziyyətdə olan peşə məktəbinin təmirini istədik. İlham Əliyev cənabları xahişimizi dinləyib dedi ki, mən söz vermirəm, amma söz verəndə də yerinə yetirirəm. Bizim istədiklərimiz yerinə yetdi: körpü quruldu, 30-dan çox qamış binadan yalnız 7-si qalıb, sakinləri 12 mərtəbəli binalara köçürülüb. Peşə liseyinin binası isə tamam söküldü, yerində müasir bina tikildi. Bu gün isə rayonun hər tərəfində abadlıq, quruculuq işləri davam edir. Hər şey göz qabağındadır.
Sabahkı Qaradağ...
...Geniş ərazi, 106 km uzanan sahilboyu zolaq, hava limanı, Mütəşəkkil Sənaye Zonasının (MSZ) yaradılması, boş ərazidə yaşayış kompleksinin salınması kimi planlar Qaradağa paytaxtın ən perspektivli rayonuna çevrilmək şansı verir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsindən bizə təqdim edilən Bakı şəhərinin ərazidən istifadə və zonalaşdırma planına dair sənədi diqqətlə oxuyanda “Cənub planlaşdırma zonası”na aid edilən Qaradağ rayonunun yaxın və uzaq gələcək üçün iqtisadi-sosial inkişaf istiqamətləri ilə tanışlıq insan təxəyyülünə qida verir, xəyalında müasir peyk-şəhər canlanır.
Qədim Bakını “şəhər içində şəhər” olmaq əzabından azad etməyə qadir Qaradağın Sahil qəsəbəsində təkcə yeni sənaye obyektlərinin yox, həm də müasir tələblərə cavab verən, paytaxt teatrlarının, böyük orkestrlərin belə həftədə bir dəfə rahatlıqla tamaşa göstərib konsert verəcəyi möhtəşəm teatr-konsert salonunun, Ələtdə yeni dəniz limanı ilə yanaşı Heydər Əliyev Beynəlxalq hava limanının yükünü azaldan yeni aeroportun tikilməsini, Qobustan qoruğuna maraq göstərən turistlərlə yanaşı, həm də çimərlik və ekoturizm ilə maraqlananların darıxmayacağı istirahət məkanlarının yaradıldığını görmək istəyirsən. Axı, “Smart şəhər” (“Ağıllı şəhər”) konsepsiyası gerçəkləşərsə, palçıq vulkanlarına, Xəzərin Qaradağ sahilində qışlayan köçəri quşların məkanına da səfər turları təşkil etmək, Səngəçalın həm də əvvəlki balıq vətəgəsi şöhrətini qaytarmaq, hətta sahil zolağı istirahət zonasında birbaşa dənizə çıxışı olan akva-zoopark da yaratmaq olar.
Müasir yaşıllaşdırma texnologiyalarından bəhrələnməklə Xəzri-Gilavara davamlı yaşıllıq yaratmaq, mövcud sürüşmə zonalarının hüdudlarında torpağın erozisiyasının qarşısını alan ağaclıq salmaq, bərkitmə işləri görmək insan ağlının və istəyinin qarşısında baş tuta biləcək layihədir. Əlbəttə, bütün bu planlar neft hasilatı üzündən çirklənmiş ərazilər təmizləndikdən və bərpa layihələri uğurla bitdikdən sonra reallaşa bilər. Rayon ərazisindəki mövcud və planlaşdırılan sement zavodlarının ekologiyaya mənfi təsirini sıfıra endirəcək yeni texnologiyalar da mövcuddur. Hansısa ali məktəbin bu zonaya köçürülməsi isə rayon əhalisinin sosial tərkibində ziyalı faizinin artması kimi müsbət tendensiyaya təkan verəcək.
Qaradağın sabahı ilə bağlı arzularımızın çoxu hələ ki arzudur. Amma onların gerçəkləşməsi, sadəcə, zaman məsələsi, tələsmədən və ləngimədən perspektivə çalışmaq niyyətidir. Odur ki, yazını elə Zahid müəllimin arzusu ilə bitiririk:
- 80
yaşım var. Bu yaşdan sonra mənim üçün ağ
da birdir, boz da. Amma ömrümü
Qaradağa həsr etmişəm. Onun keçmişi
də, bu günü də gözümün qabağındadır.
Bir vətəndaş kimi Qaradağda əhalinin daha firavan yaşadığını,
qəsəbələrimizin gözəlləşdiyini, tərbiyəli,
təhsilli, geniş dünyagörüşlü gənclərin
rayonun taleyində mühüm rol oynadığını görmək
istəyirəm.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2018.- 25 aprel.- S.13.