Lerikli şair oxucularla görüşüb

 

   Lerik rayonu Daster kənd kitabxanasında lerikli şair Vüqar Həmatinin oxucularla görüşü keçirilib. Bir neçə kitabın müəllifi olan şairin yaradıcılığında vətənə, doğma torpağa ilahi bir məhəbbət var. O, hazırda Bakıda yaşasa da, vaxt tapan kimi, boya-başa çatdığı rayona, doğma Hamarat kəndinə gəlir. Hamarata qonşu olan Daster kənd kitabxanasında şairlə görüşdə yerli sakinlər, kənd məktəbinin müəllim və şagird kollektivi iştirak edirdi.

   Kitabxananın müdiri Əminağa Əliyev, məktəbin müəllimi Tural Əliyev, kənd ağsaqqalı Hüseynağa Hüseynov şairin yaradıcılığından, şeirlərinə bəstələmiş mahnılardan bəhs etdilər. Şagirdlərin ifasında şairin vətənpərvərlik mövzusunda yazdığı şeirlərdən ibarət ədəbi-bədii kompozisiya tədbirə gələnlərin ruhunu oxşadı.

   Sonda yeni yazdığı şeirlərdən nümunələr oxuyan şair özü ilə gətirdiyi “Vətən” kitabından həm oxuculara, həm də kitabxanaya hədiyyə etdi.

  

   Zəfər Orucoğlu

   Azərbaycan Jurnalistlər Birliyinin üzvü

   Mədəniyyət.- 2018.- 25 aprel.- S.11.