Səməd
Vurğunun ilk portreti
Bir əsərin
tarixçəsi
Hələ
sağlığında ümumxalq məhəbbəti qazanan
Xalq şairi Səməd Vurğunun vəfatından cəmisi beş il sonra paytaxtımızın qələbəlik
duyulan mərkəzlərindən birində tunc abidəsinin
ucaldılması da onun xatirəsinə sonsuz ehtiramın
göstəricisi idi. Zamanında onun yurdumuza sevgi ilə bələnmiş
poeziya nümunələrini, xüsusilə də “Azərbaycan”
şeirini dilinin əzbərinə çevirən gənclərdən
biri də o vaxtlar rəssamlıq sahəsində ixtisas təhsili
alan Mikayıl Abdullayev olmuşdur.
Bakı Rəssamlıq Texnikumunda təhsilini
(1935-1939) başa vurandan sonra Moskvadakı V.Surikov adına Moskva Rəssamlıq İnstitutunda
oxuyan və II Dünya müharibəsinin başlanması ilə
təhsilini yarımçıq qoyub Bakıya dönən
Mikayıl Abdullayevdə məşhur şairin portretini yaratmaq
fikri yaranır. Səməd Vurğun gəncliyindən
qazandığı el məhəbbətini müharibə illərində
yazdığı vətənpərvərlik ruhlu şeirlərilə
daha da artırmışdı. Bunu hamı
kimi tələbə-rəssam da görürdü.
Həmin dövrü
sağlığında daima yaddaşında yaşadan
Mikayıl Abdullayev bu barədə xatirələrində
yazır: “Mənim də ürəyimdən keçirdi ki, nə
olaydı, bir sevimli Səmədimizin portretini naturadan çəkəydim.
O vaxt rəssam İ.Rıjenko Səmədin Moskvada Kremldə
çıxışı zamanı sol əlində
kağız tutmuş, sağ əlini yuxarı
qalxızmış məşhur fotosunu yağlı boya ilə
böyütmüşdü. Bir də o vaxtlar naturadan portret
çəkən çox az idi. Bəzi
hallarda bu üsul müsbət nəticə vermədiyindən
hələ-hələ buna razılıq verən “obyekt” də
çox az olurdu. Belə ki,
vaxtlarına heyfləri gəlirdi. Həmin
illərdə isə mən bu sahədə az-çox təcrübə
əldə etmişdim. Artıq ədəbiyyat və incəsənət
xadimlərimizin bir sıra məşhur nümayəndələrinin
portretlərini naturadan çəkmişdim; Üzeyir Hacıbəyovun,
Zülfüqar Hacıbəyovun, Mərziyə Davudovanın,
Şövkət Məmmədovanın, Mirzə İbrahimovun
(birinci portret), yaxud bəzi evlərdə indi də
saxlanılan R.Topçubaşovanın, S.Aşurbəylinin,
P.Əzimzadənin, Z.İsmayılovanın,
Ə.İsmayılovun, T.Badırovanın, Z.Quliyevanın və
bir çox başqalarının portretlərini işləmişdim.
Odur ki, bu işə cəsarətim
çatırdı və bir gənc rəssam kimi, məni bu cəhətdən
tanımağa başlamışdılar.
1944-cü ilin
baharı idi. Səməd Vurğunun
portretini çəkməyi qət etmişdim. Zəng edib özüylə danışdım.
Mənə dedi ki, “Ayə, bir istirahət günü gəlsənə
evə, bir baxaq görək, nə var, nə yox...”
Bundan sonra gənc rəssam
iki dəfə şairin keçmiş Apteklər İdarəsinin
binasının 3-cü mərtəbəsində yerləşən
mənzilinə gedir. Amma hər dəfə
şairin evinin qonaq-qaralı olması rəssama arzusunu
gerçəkləşdirməyə imkan vermir. Belə ki, rəssam bu gəlişləri zamanı
yalnız bir baş etüdü ilə kifayətlənməli
olur. Odur ki, Mikayıl Abdullayevin istəyinin səmimiliyinə
inanan Səməd Vurğun deyir: “Ayə, bu iş aranlıq,
sakitlik sevir, gəlsənə, qoyaq bunu
bağa? Gələn həftə bağa
köçməliyik. Bağda mən sənin
ixtiyarında...”
Gənc
fırça ustası tanınmış şairin bu təklifinə
məmnuniyyətlə razılıq verir. Tezcə
də bir neçə gündən sonra işləyəcək
portret üçün kətan hazırlayır və onu
köçü daşıyan maşınla bağa
apartdırır. Bir həftədən
sonra rəssam bağda istirahət edən şairin portretini
çəkməyə başlayır.
Mikayıl Abdullayev həmin günləri
belə xatırlayır: “Portreti başlamaq üçün əvvəlcə
yer seçməli olduq. Qət etdik ki,
qaraağac yanındakı kiçik evin ikinci mərtəbəsində
açıq külafirəngidə işləyək. Burada, qaraağacın altında, havanın
bürküsündə belə yer yüngül bir sərinlik
olardı. Səməd ağ süfrə
salınmış masa arxasında - qaraağac fonunda yerini
rahatladı. Kağız-qələm ortaya gəldi
və o öz işinə başladı. Arabir
başını qaldırıb xəyala dalır, sonra
dağılan saçlarını sol əli ilə
alnından yığırdı (Saç dedim yadıma
düşdü. Həmin 1944-cü ilin yayında
şairin saçları ağarmağa
başlamışdı və əynindəki boz pencəyinin
rənginə yaxınlaşmışdı). Qət etdim ki, elə bu vəziyyət çox təbiidir.
Odur ki, mən də üzbəüzdə
öz yerimi rahatladım və molbertin hər üç
ayağını qırın dəlmə-deşik yerinə bənd
edib, işə başladım. Səməddən
xahişim yalnız o idi ki, mümkün qədər təbii
dayansın və özünü sərbəst hiss etsin.
Bu minvalla həftədə 2-3 dəfə
şairin sürücüsü ilə şəhərdən
Şüvəlana gələrdim. Onun
uşaqları - Yusif, Aybəniz, Vaqif həyətdə
qonşu uşaqlarla oynayıb daim səs-küy salardılr.
Uşaqların səsi hələ uzaqdan, hasara
çatmamışdan eşidilərdi. Oğlan
uşaqlarının nadincliyi nənələrini yaman narahat
edərdi və onu hövsələdən
çıxarardı... Hətta o da yadımdadır ki, bu
işi Səməd bəyənməzdi və deyərdi: “Ayə,
uşaqdılar, nə olar? Qoy nə qədər
bilirlər oynasınlar. Böyüyəndə
oynamayacaqlar”.
Bir dəfə yenə
gəlmişdim, dedilər Səməd dənizdədir. Özü də deyib ki, mütləq gözləsin.
Yuxarı çıxıb palitranı sahmana salıb, elə
qəzetləri yenicə gözdən keçirirdim ki, bir də
eşitdim həyətin o başından Səmədin uca səsi
gəlir: “Ayə, dənizdən adam
tutmuşam. Ayə, dənizdən adam
çıxartmışam...” Dönüb
gördüm, doğrudan da, Səməd kiminsə qolundan tutub
gətirir. Uşaqlar isə onun qabağına
qaçaraq: “Mehdi əmi, Mehdi əmi” deyə onları
dövrəyə aldılar. Sonra hər ikisi
yuxarı qalxdı. Səməd bizi Mehdi Hüseynlə tanış etdi və dedi ki, - “Ayə, Mehdi
bilirsən Mikayıl bizim İsmayılın kiçik
qardaşıdır”.
Yeri gəlmişkən,
xatırladım ki, qardaşım İsmayıl qələm əhli
olmuşdur. 20-ci illərin ikinci
yarısı və 30-cu illərin birinci yarısında qəzet
işçisi, jurnalist və tənqidçi kimi fəaliyyət
göstərmişdir. Odur ki, Mehdi məndən
İsmayılı soruşdu. Dedim, elə
42-ci ilin sentyabrında Kerçdə həlak olub xəbərindən
başqa bir soraq yoxdur.
Nahar vaxtı
sağlıqlar deyilirdi. Mənə
növbə çatanda Səməd mənim də
ünvanıma bir neçə xoş söz deyib, xoş
arzularını bildirdi. Mehdi isə dedi: “Mən Səmədlə
razıyam. Doğrudan da işin göz qabağındadır,
amma, çalış qardaşına oxşama...” deyib
gülməyə başladı...
Səməd üzünü mənə
tutub dedi: “Ayə, bu tənqidçi tayfası (başıyla
Mehdiyə işarə edərək) yaman kinli olur. O vaxt
uşaq olmusan, yadına gəlməz. Qəribə
işlər var idi. Böyüklü-kiçikli
cəmiyyətlər var idi. “AZAP”, “RAP”, “AZORİS”... hələ
bir yana dursun, iki-üç nəfərdən
ibarət “cəmiyyət”lər də var idi. Belə ki, sənin
qardaşınla bu Mehdi az çəkişməmişdilər.
Odur ki, indi yanan yerdən tüstü gəlir...”
Biz
gülüşdük. Mehdi dedi: “Getsin o günlər, gəlməsin.
Çox qarmaqarışıq vaxt idi. Düzü, o günü daha işləməli
olmadım. Şairin sürücüsü
bizi Mehdilə bir maşında şəhərə gətirdi.
Növbəti
seansların birində Səməd adəti üzrə
çay istədi. Aşağıdan
çayı Aybəniz gətirdi. Atası
bildirdi ki, qızı gətirdiyi çayın başqa ləzzəti
olur və hətta bu ona ilham verir. Bu fikir nə
isə məni tutdu. Tənəffüs
vaxtı lövhəyə diqqətlə baxdım və qərara
gəldim ki, sol tərəfdə başı hündür
masaya güclə çatan, əlləri çay tutmuş
Aybənizi bu kompozisiyaya əlavə etmək yaxşı olar.
Fikrim evdəkilər tərəfindən bəyənildi
və Xavər xanım kiçik Aybənizi cavanəzən
sayağı geyindirib, başına ipək örpək bağladı.
Belə bir canlı detalı lövhəyə əlavə
etdim. Balaca Aybəniz öz rolunu həvəslə
aparırdı. Ümumiyyətlə,
iş çox maraqla keçirdi. Səmədin
hər sözü, zərbi-məsəli, zarafatı məni
valeh edirdi”.
Rəssam portret üzərində
işləyərkən bir çox hadisələri, o cümlədən
Səmədin danışıqlarının sonunu -
“velikolepno”, “qrandiozno”, “kolossalno” kimi rus kəlmələri ilə
yekunlaşdırmasını da yaxşı xatırlayır.
1944-cü ilin
avqustunda rəssam portreti tamamlayır. Onu
şəhərdəki həmkarlarına göstərir və
onlardan çoxlu təqdiredici fikirlər eşidir. Bundan sonra o, yarımçıq qalmış təhsilini
davam etdirmək üçün Moskvaya qayıdır. 1946-cı ildə yay tətili zamanı Bakıya
qayıdanda xəbər tutur ki, İncəsənət
Muzeyinin Azərbaycan şöbəsini genişləndirmək
niyyətilə yeni əsərlər, müasirlərimizin
portretlərini almaq istəyirlər. Həmkarları ona
məsləhət görürlər ki, “Səməd
Vurğunun portreti”ni muzeyə təqdim
etsin. Gənc rəssam elə belə də edir.
Doğrudan da, bu əsər Səməd
Vurğunun naturadan çəkilmiş ilk portreti kimi hamı
üçün maraqlı görünə bilərdi. Bədii
şura işi bəyənsə də, İ.Rıjenkonun məsləhəti
ilə lövhənin sol cinahındakı “qız
uşağı”nın, yəni Aybənizin
təsvirinin oradan götürülməsinə qərar verir.
Rəssamın gənc olması bu məntiqsiz qərara
etiraz etməyə imkan vermir. Belə ki, əks halda onlar
tələbə işinin muzeyə qəbul olunmasına mane ola bilərdilər. Odur ki, rəssam
könülsüz də olsa, bu işi görür və
portret bu cür də tarixiləşir. Hazırda
portret elə bu tutumda şairin Bakıdakı ev-muzeyində
nümayiş olunur.
Rəssam xatirələrində bu
hadisənin sonluğunu belə şərh edir: “Düz bir il
sonra “Axşam” tablosuna həmin “qız uşağı”nın
potretini əlavə etdim. “Axşam” tablosunun sağ
cinahında qabaqda gedən cavanəzən sayağı qız
uşağı tamaşaçılarda, adətən xoş
təbəssüm doğurur”.
Xatırladaq ki, Mikayıl Abdullayev sonralar da bir neçə dəfə də Xalq şairinin obrazına müraciət etmişdir. Nəticədə Azərbaycan təsviri sənətini zənginləşdirən “Səməd Vurğun” (1959) və “Şairin gəncliyi” (1975) kimi yüksək bədii dəyərli əsərlər yaranmışdır...
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, “Sənətşünaslığın təbliği” İctimai Birliyinin sədri
Mədəniyyət.-
2018.- 25 aprel.- S.12.