Türk-müsəlman xalqlarına qarşı soyqırımları tarixin güzgüsündə

 

 

   Aprelin 26-da Qusarda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans işə başlayıb. Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına uyğun olaraq təşkil edilən beynəlxalq konfransa Azərbaycanla yanaşı, Türkiyə, Rusiya Federasiyası, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistanİraqdan tarixçilər qatılıb.

   İştirakçılar Qusar Mədəniyyət Mərkəzində türk-müsəlman xalqlarına qarşı soyqırımları haqqında tarixi faktları özündə əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

   Konfrans 3 bölmə üzrə keçirilir. Birinci bölməyə “1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar”, “1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından - Ermənistan SSR-in ərazisindən deportasiyası”, “1988-1991-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından - Ermənistan Respublikasının ərazisindən deportasiyasının başa çatdırılması”, “1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr” istiqamətlərində məruzələr daxildir.

   Növbəti iki bölmədə isə məruzələr “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları”, “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar” mövzularına həsr olunub.

   Beynəlxalq elmi konfransa aprelin 27-də yekun vurulacaq.

 

Mədəniyyət.- 2018.- 27 aprel.- S.3.