Müsyö Jordan və dərviş Məstəli şah”ı Moskvaya aparmışdılar

 

   Aprelin 21-dən 25-dək Rusiya Teatr Sənəti İnstitutunda (“QİTİS”) ilk dəfə MDB ölkələrinin “QİTİS - ustad dərsi” teatr festivalı keçirilib. Layihə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi və MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə reallaşıb.

   Beş gün ərzində beş MDB üzv dövlətindən teatr sənəti təhsili üzrə ixtisaslaşmış ali məktəblərin qatıldığı festivalda tələbələr tamaşa oynayıblar, pedaqoq və tələbələr üçün ustad dərsləri verilib, açıq seminarlar keçirilib, diskussiyaelmi-praktik konfrans baş tutub.

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarında aktyor sənəti ixtisası üzrə təhsil alan IV kurs tələbələri də festivalda iştirak ediblər. Tələbələr Mirzə Fətəli Axundzadənin «Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur» komediyası əsasında hazırlanmış tamaşanı aprelin 23-də “QİTİS”in səhnəsində oynayıblar.

   Tələbələr Corc Qafarov, Xədicə Məmmədova, Hilal Dəmirov, Sevgin Rzayeva, Könül Ələkbərova, Qönçə Vəliyeva, Orxan İsgəndərov, Məhəmməd MusayevHüseynağa Aslanov tamaşada çıxış etməklə yanaşı, tanınmış teatr mütəxəssislərinin ustad dərslərində iştirak edib, digər ali sənət məktəblərini təmsil edən yaşıdlarının tamaşalarına baxıblar. Qeyd edək ki, SABAH qrupunun rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri Əməkdar artist Nofəl Vəliyev, sənət müəllimi isə Ruslan İsmayılovdur.

   Müvəffəqiyyətlə keçən tamaşanı Azərbaycan səfirliyinin əməkdaşları, Rusiya paytaxtında yaşayan və təhsil alan soydaşlarımız da izləyərək, gələcəyin aktyorlarına mənəvi dəstək olublar.

  

   G.Mirməmməd

Mədəniyyət.- 2018.- 27 aprel.- S.5.