Böyük vətəndaş və görkəmli alim
Mirəli Seyidovun tədqiqatları bu gün də azərbaycanşünaslıq
üçün dəyərli mənbələrdir
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mirəli Seyidovun (1918-1992) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov M.Seyidovu böyük vətəndaş kimi xarakterizə edib, alimlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, M.Seyidovun ədəbi əlaqələr, mifologiya, etimologiya və etnogenezlə bağlı tədqiqatları bu gün də azərbaycanşünaslıq üçün həm ədəbi-nəzəri, həm də mədəni-siyasi baxımdan müasir və aktualdır.
MEK-in direktoru Leyla İmanova alimin zəngin elmi irsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, M.Seyidovun MEK-də mühafizə olunan kitablarının elektron kataloqa və Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edildiyini söyləyib. Bildirib ki, alimin əsərləri əsasən kiril qrafikası ilə çap olunub və onların latın qrafikası ilə yenidən nəşri üçün mütəxəssislərin cəlb edilməsi vacibdir.
Sonra AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoyun “Mənim Mirəli Seyidovum” mövzusunda məruzəsi dinlənilib.
Çıxış edənlər M.Seyidovun Azərbaycan ədəbiyyatına, tarixinə qazandırdığı uğurlardan söz açıb, yaradıcılığı və ictimai fəaliyyəti ilə milli ruhumuza yeni oyanış dalğası gətirdiyini qeyd ediblər. Vurğulanıb ki, alim ömrünün son illərində "Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi" mövzusunda tədqiqat üzərində çalışıb.
Sonda alimin oğlu Elçin Seyidov ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirdə MEK-in hazırladığı “Mirəli
Seyidov-100” adlı film nümayiş
olunub.
Mədəniyyət.- 2018.- 27 aprel.-
S.4.