“Tələbə baharı” ümumrespublika yaradıcılıq
festivalı başa çatıb
Aprelin 25-də Azərbaycan Dövlət Musiqili Teatrında “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konserti olub.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək festivalın əhəmiyyətindən danışıb. Qeyd edib ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il “Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalı keçirilir. Layihə istedadlı gənclərin üzə çıxarılmasında vacib rol oynayıb. Festivalın qalibləri ölkəmizi beynəlxalq müsabiqələrdə, o cümlədən “Eurovision” mahnı yarışmasında uğurla təmsil ediblər. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov da çıxışında festivalın əhəmiyyətindən danışıb. Bildirib ki, 2011-ci ildən etibarən “Tələbə baharı” yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.
Qeyd edilib ki, festivalın 3-6 aprel tarixində keçirilən seçim turlarında 15-dən çox ali təhsil müəssisəsindən 800-dən artıq tələbə müxtəlif nominasiyalar üzrə istedadlarını nümayiş etdirib.
Tədbir tələbələrin
müzikl-tamaşaları ilə davam edib. Sonda festivalın
qaliblərinə Gənclər və İdman
Nazirliyinin və Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının
diplomları və xatirə hədiyyələri təqdim olunub.
Mədəniyyət.- 2018.- 27 aprel.-
S.4.