Tarixi qardaşlığın ədəbi-mədəni kökləri

 

   Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “XX əsrin əvvəllərindən bu günə Azərbaycan-Türkiyə ədəbiyyat və maarif münasibətləri” mövzusunda panel keçirilib.

   Tədbir Ədəbiyyat İnstitutu, Bakı Yunus Əmrə İnstitutu və Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Başqanlığının (YTB) birgə təşkilatçılığı ilə gerçəkləşib.

   Paneldə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan və Türkiyə ədəbiyyatlarının ortaq köklərindən, müasir ədəbi əlaqələrin inkişafından danışıb. Qeyd olunub ki, tarixən Azərbaycan-Türkiyə ədəbiyyat və maarif münasibətləri müasir ədəbi əlaqələrin inkişafına zəmin yaradıb. Ümummilli lider Heydər Əliyevin “Bir millət - iki dövlət” ifadəsini xatırladan alim iki ölkənin ortaq köklərə, dil, din birliyinə, oxşar mədəniyyət, adət və ənənələrə malik olduğunu deyib.

   Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Cümhuriyyətə köməyə gəlmiş Qafqaz İslam Ordusunun 100 illiyinin tamam olduğunu və tədbirin bu çərçivədə keçirildiyini bildirib. O, XX əsrdə hər iki ölkənin ədiblərinin və maarifçi xadimlərinin müxtəlif cərəyanların təsirinə məruz qaldığını, lakin geniş dünyagörüşləri və yüksək təhsilləri sayəsində milli dövlət ətrafında birləşdiklərini qeyd edib. Bildirilib ki, tədbir Azərbaycan Xalq Cümhuriyyəti dövründə Türkiyədə təhsil almış, türk fikir və mədəniyyətini mənimsəmiş ədəbiyyatçı və maarifçi şəxslərin apardıqları mübarizələri yenidən gündəmə gətirmək, hər iki ölkənin alimləri arasında ünsiyyət körpüsü qurmaq məqsədi daşıyır.

   Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Asif Usubəliyev panelin mövzusunun müasir dövr üçün aktual olduğunu deyib. Bu istiqamətdə zəruri tədqiqatların aparılmasına ehtiyac olduğunu söyləyən A.Usubəliyev tədbirin iki ölkə arasında ədəbi, elmi, mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

   Paneldə professor Yavuz Akpınar “Türkiyə-Azərbaycan əlaqələri baxımından Cəlal Ünsi”, professor Ədalət Tahirzadə “Bakıdan İstanbulaİstanbuldan Bakıya gedən müəllimlər”, professor Ramiz Əskər “Türkiyəyə gedən azərbaycanlı ədiblər”, filologiya elmləri doktoru Nikpur Cabbarlı “Son əsrdə Azərbaycan-Türkiyə maarif münasibətləri”, dosent İrfan Murad Yıldırım “Molla Nəsrəddin” və Türkiyə”, dosent Yılmaz Özkaya “Türkiyə-Azərbaycan ədəbi əlaqələrində “Yeni Kafkasya” və “Azeri-Türk” dərgiləri” və Ömer Özcan “Azərbaycan siyasi mühacirətinin bilinməyən ismi: Əfəndizadə Mehmet Şərif bəy” mövzularında məruzələrlə çıxış ediblər.

   Mədəniyyət.- 2018.- 27 aprel.- S.6.