İstiqlalımızın zəfər yürüşünün şəhidləri

 

   Bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ilini qeyd edirik. İki ilə yaxın bir müddətdə mövcud olmuş Cümhuriyyət milli dövlətçilik tariximizdə silinməz izlər qoyub. Bu tarixin ən şanlı səhifəsi istiqlalımızın Gəncədən Bakıya zəfər yürüşü idi...

   1918-ci il mayın 28-də Tiflisdə “İstiqlal bəyannaməsi” qəbul olunduqdan sonra müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd paytaxt Bakını erməni-bolşevik işğalından (Şaumyanın başçılıq etdiyi “Bakı Soveti”) azad etmək idi. Belə bir ağır zamanda Azərbaycan xalqına qardaş yardımı Osmanlı dövlətindən gəldi. 1918-ci il iyunun 4-də yeni qurulan Cümhuriyyət hökuməti ilə Osmanlı dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalandı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.

   Türkiyənin hərbi naziri Ənvər paşa öz qardaşı Nuru paşanı rəhbəri olduğu hərbi hissələrlə birlikdə Azərbaycana köməyə göndərdi. Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanın yeni təşkil olunan (26 iyun) Milli Ordusu ilə birgə Göyçay yaxınlığında bolşevik-daşnak silahlılarını məğlub edərək Bakıya doğru istiqamət aldı. Ordu birləşmələri Şamaxı, Kürdəmir və digər yaşayış məntəqələrindən keçərək bu zəfər yürüşünü dayandırmaq istəyən “Bakı Soveti” qoşunlarına zərbələr endirdi. Sentyabrın 15-də isə qardaş qoşun birləşmələri Bakıya daxil oldular.

   Bakının azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın böyük sevincinə səbəb olmuşdu. Ənvər paşa Nuru paşaya göndərdiyi teleqramda yazırdı:Türkİslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”.

   Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə isə bu tarixi günü belə dəyərləndirirdi: “15 sentyabr Azərbaycan xalqının tarixində 28 may qədər böyük dəyərə malikdir. Əgər 28 mayda Cümhuriyyətin istiqlalı bütün dünyaya elan edilmişdisə, 15 sentyabrda bu istiqlal real bir təməl üzərində qurulmuş oldu. 15 sentyabrda Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi ilə başla bədən birləşmiş oldu. Bakı baş, bədən isə Azərbaycandır”.

 

   Türkün tökülən qanları bihudə gedərmi...”

  

   Qafqaz İslam Ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda xeyli sayda şəhid verdi. Həmin döyüşlərdə azərbaycanlılarla çiyin-çiyinə döyüşən türk əsgərlərindən 1130 nəfər şəhidlik zirvəsinə yüksəldi. Döyüşlərin getdiyi ərazilərdə həlak olan qəhrəman əsgərlər elə həmin məntəqələrdə də dəfn edilirdi.

   Ölkəmiz 1991-ci ildə yenidən azadlığına qovuşduqdan sonra həmin türk şəhidlikləri abadlaşdırıldı. Bu gün Şamaxı, Göyçay, Kürdəmir, Hacıqabul, Qobustan və döyüşlərin getdiyi digər ərazilərdə şəhidlərin xatirəsi əbədiləşdirilib. 70 illik müstəmləkə dövrü, sovet siyasi-ideoloji rejimi də həmin qəhrəmanları unutdura bilmədi. Xalqımız öz qəhrəmanları qarşısında vəfa borcunu yerinə yetirdi. Bu gün həmin şəhidlərin şərəfinə Azərbaycanın müxtəlif bölgələrində ucaldılan şəhidliklər müqəddəs məkan olaraq ziyarət edilir.

   Türk şəhidlərinin şərəfinə ucaldılmış daha bir möhtəşəm abidə paytaxt Bakıda - şəhərin ən hündür məkanı olan Dağüstü park ətrafında yerləşir. Bakının azad edilməsi zamanı həlak olmuş Azərbaycan və Osmanlı əsgərlərinin şərəfinə ucaldılacaq abidə kompleksinin layihəsi hələ 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmışdı. Şəhərin Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının ildönümü münasibətilə 1919-cu il sentyabrın 15-də Azərbaycan Parlamentinin xüsusi iclası keçirilir, hökumət və parlament üzvləri paytaxtın Çənbərəkənd qəbiristanlığına (indiki Şəhidlər xiyabanı) gedərək xatirə abidəsinin özülünü qoyurlar. Təəssüf ki, 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalı üzündən bu yarımçıq qaldı...

   Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı tədqiqatlar aparıldı. Qardaş ordunun tarixi xidmətləri nəzərə alınaraq Şəhidlər xiyabanında möhtəşəm abidə ucaldıldı. Abidənin açılış mərasimi 2000-ci il aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Türkiyə Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə gerçəkləşdi.

   Təkcə bu abidə deyil, ölkəmizdə olan bütünTürk şəhidlikləri” Anadolu türkləri ilə Azərbaycan türklərinin tarixən bir-birlərinə dəstək olduqlarının simvoluna çevrilib.

  

   Fariz Hüseynov

Mədəniyyət.- 2018.- 27 aprel.- S.6.