Qədim xalçaların elektron çeşniləri hazırlanır

 

   “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) tarixiorijinal Azərbaycan xalçalarının istehsalını davam etdirir. Xalçaçı-rəssamlar tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılır. Daha çox dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaxalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir.

   İndiyədək 600-dən çox xalça çeşnisi hazırlanıb və onların əsasında ASC-nin Füzuli, Şəmkir, Quba, Ağdam, İsmayıllı, Qəbələ, Xaçmaz, Tovuz, AğstafaQazax filiallarında xalçalar toxunub.

   Elektron xalça çeşniləri bəzi bədii-texniki xüsusiyyətlərə də malikdir. Qədim çeşnilərdən istifadə olunaraq toxunan bəzi xalçalarda haşiyə zolaqları və fon rəngləri dəyişdirilir ki, bu da xalçanın daha gözəl görünüşə malik olmasına imkan verir.

   Çeşni - xalçanın layihəsi, kağız üzərində eskizidir. Tarixən Azərbaycan qadınları xalçaları eskizsiz, genetik yaddaş əsasında, bir-birindən öyrənərək və əlavələr edərək toxuyublar. Azərbaycan xalçalarının bədii cəhətdən bu qədər zənginliyi də məhz onun fərdi və orijinal yaradıcılıq məhsulu olmasının nəticəsidir.

 

Mədəniyyət.- 2018.- 27 aprel.- S.7.