Bakı Xoreoqrafiya
Akademiyasında yaradıcılıq konserti
Aprelin 25-də Bakı Xoreoqrafiya Akademiyasında (BXA) pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin İbrahimovanın yaradıcılıq konserti keçirilib. Tədbirdə Bakı Xoreoqrafiya Akademiyası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və digər sənət ocaqlarının müəllimləri iştirak edib.
Tədbiri Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının baş müəllimi Lalə Hüseynli açaraq N.İbrahimovanın sənət yolu və yaradıcılığı barədə məlumat verib.
Konsertdə Q.Venyavskinin ifaçılıq baxımından mürəkkəb, səslənmə baxımından isə ecazkar olan “Skripka üçün 2 ¹-li konserti”ni (d-moll) təqdim edən N.İbrahimova Gənc ifaçıların I Respublika müsabiqəsinin diplomantı İsmayıl Əsədovla (violin) birgə çıxış edib.
Görkəmli
tarzən, Xalq artisti Qurban Pirimovun nəticəsi
və Xalq yazıçısı, akademik Mirzə İbrahimovun
nəvəsi olan Nərmin İbrahimova
Bakı Musiqi Akademiyasında bakalavr və magistr pillələrində
təhsil alıb, piano müəllimi və
konsertmeyster ixtisasına yiyələnib.
2008-ci ildə “Şifahi ənənəli
Azərbaycan professional musiqi
mədəniyyətinin inkişafında Qurban
Pirimovun rolu” mövzusunda dissertasiya işini müdafiə edərək, sənətşünaslıq
üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hazırda
Bakı Musiqi Akademiyasında baş müəllim kimi
çalışır.
Mədəniyyət.- 2018.- 27 aprel.-
S.8.