Ölkəmiz Astanada beynəlxalq kitab sərgisində təmsil olunur

 

   Aprelin 25-də Qazaxıstanın paytaxtı Astanada III Avrasiya Beynəlxalq Kitab Sərgisi (Eurasian Book Fair 2018) işə başlayıb. Tədbirə 10-dan çox ölkədən müvafiq təşkilatlar, nəşr evləri qatılıb.

   Sərgidə Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə təşkil olunan stendimizdə ölkəmizdə müxtəlif mövzularda nəşr olunan kitablar nümayiş olunur.

   Açılışda çıxış edən Qazaxıstanın dövlət katibi Gülşara Abdukalikova bildirib ki, ənənəvi sərgi bu il Astana şəhərinin 20 illik yubileyinə təsadüf edir. O, ictimai şüurun müasirləşdirilməsində kitabın xüsusi rolunu vurğulayaraq deyib: “Oxuyan və savadlı millət - intellektual millətdir”.

   Daha sonra sərgi ilə tanış olan G.Abdukalikova Azərbaycan stendinə xüsusi maraq göstərib. Stenddə ölkəmizin müasir inkişafı, tarixi-mədəni irsi, Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitablar, rusqazax dillərində ensiklopedik təyinatlı jurnal və digər nəşrlər sərgilənir.

   Azərbaycan guşəsində “Hədəf” və “Altun kitab” nəşriyyatlarına xüsusi yer ayrılıb. “Hədəf” şirkətlər qrupunun baş direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq “Xatirə ədəbiyyatı” seriyasından olan kitabların oxucularda maraq yaratdığını bildirib.

   Altun kitab” nəşriyyat evinin rəhbəri Rafiq İsmayılov Qazaxıstanın da latın əlifbasına keçməsini oxucuların marağı baxımından yüksək qiymətləndirib.

   Okuklu holdinqin rəhbəri Yılmaz Okuklu Avrasiya sərgisi çərçivəsində Azərbaycan nəşriyyatlarına dəstək olacağını və gələcəkdə əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

   Azərbaycan guşəsində ölkəmizin tarixi, xalçaçılıq və turizm potensialı ilə bağlı jurnal və broşürlər iştirakçılara paylanıb.

   III Avrasiya Beynəlxalq Kitab Sərgisində Beynəlxalq Türk Akademiyası da təmsil olunur. Akademiyanın stendində Azərbaycana aid kitablar da yer alıb.

   Kitab sərgisi aprelin 27-də başa çatacaq.

 

Mədəniyyət.- 2018.- 27 aprel.- S.9.